XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 İyun, 2018
Azərbaycanın Cümhuriyyət tarixi muzeydə geniş işıqlandırılır
Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyət tariximiz tamaşaçılara geniş şəkildə təqdim olunur. Muzeyin “Azərbaycan Xalq Cümhuriyyəti” zalındakı vitrin və stendlərdə dövrün bir sıra sənədləri və materialları əks olunmuşdur. Bunlara nümunə olaraq “İstiqlal bəyannaməsi”nin mətninin orijinalı və fransız dilinə tərcüməsi, hökumət başçısı Fətəli xan Xoyskinin Azərbaycan əhalisinə ictimai asayişin qorunması mövzusunda müraciəti, türk dilinin Azərbaycanda dövlət dili elan olunması haqqında hökumətin qərarı, Cümhuriyyət Ordusu hərbçilərinə məxsus geyim və silahlar nümayiş olunur. Həmçinin, AXC Milli Şurasının sədri M.Ə.Rəsulzadənin müəllifi olduğu “Əsrimizin Siyavuşu” (türk dilində), "Şəkli-idarə haqqında iki baxış (iki cür hökumət" (ərəb qrafikası ilə) əsərləri, onun 1953-cü ildə "Amerikanın səsi" radiosundakı çıxışının səs yazısı təqdim olunur. Həmçinin stendlərdə AXC dövründə təhsil, mədəniyyət, iqtisadiyyat və s. mövzular haqqında da geniş məlumat verilir. Cümhuriyyət rəsmilərinin fotoşəkilləri, parlament və hökumətlər haqqında məlumatlar və digər eksponatlar tamaşaçılara nümayiş olunur. Muzeydə həmçinin Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgi keçirilir. Əsas məqsəd Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini işıqlandırmaqdır. Sərgidə Cümhuriyyət xadimlərinin tarixi fotoşəkilləri, Məhəmməd Əmin Rəsulzadənin Muzeyə hədiyyə olunmuş məktubları da göstərilir. Həmçinin, təkcə Muzeyin fondlarında olan deyil, fərdi kolleksionerlərdə olan materiallar da nümayiş olunur. Sərgi 2018-ci il sentyabrın 5-dək davam edəcək. Qeyd edək ki, sərginin 300 nəfərdən çox ziyarətçisi olmuşdur. Həm sərgi, həm də “Azərbaycan Xalq Cümhuriyyəti” zalı tamaşaçılar tərəfindən geniş rəğbət görür. Muzeydə həmçinin, Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar “Ordum varsa, yurdum var” adlı sərginin gələcəkdə açılışı nəzərdə tutulub.