XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 İyun, 2018
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş sərgi hazırlanır
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş “Ordum varsa, yurdum var!” sərgisi hazırlanır. Sərgidə Azərbaycanda hərb sənətinin ən qədim dövrlərdən günümüzədək inkişafı tarixi mərhələlər üzrə göstəriləcək. Burada qədim dövr, orta əsrlər, XVIII-XIX əsrlərdə Azərbaycanda istifadə edilmiş silahlar, döyüşçülərin geyimlərinin tarixi rekonstruksiyaları nümayiş etdiriləcək. 1918–1920-ci illər Azərbaycan Ordusuna aid eksponatların və fotoşəkillərin, tarixi sənədlərin nümayiş etdirilməsinə xüsusi diqqət yetirilib. Həmçinin sərgidə 1920-1940-cı illərdə azərbaycanlıların Qızıl Ordu tərkibində xidməti, 1941-1945-ci illərdə mövcud olmuş milli Azərbaycan diviziyaları, 1945-1990-cı illərdə azərbaycanlıların Sovet Ordusu sıralarında xidməti işıqlandırılacaq. Qarabağ müharibəsi və müasir ordu quruculuğu ayrıca vitrin və panellərdə göstəriləcək. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan, həmçinin fərdi kolleksiyalarda saxlanılan materiallar nümayiş etdiriləcək.