XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 İyun, 2018
Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Ordum varsa, yurdum var!” adlı sərgidə Azərbaycan döyüşçülərinin nadir hərbi uniformaları nümayiş olunacaq
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş “Ordum varsa, yurdum var!” sərgisində hərb tariximizin şanlı səhifələrini əks etdirən unikal materiallar nümayiş olunacaq. İlk dəfə olaraq SSRİ Silahlı Qüvvələrinin Həsən gölü və Xalxin-Qol döyüşləri, Sovet-Fin müharibəsi dövrünün avto-zirehli qoşunları leytenantının tam uniforması nümayiş olunacaq. Məlumdur ki, Qızıl Ordu tərkibində xidmət edən azərbaycanlılar 1937-1940-cı illərdə adı çəkilən döyüşlərdə iştirak etmiş, orden və medallarla təltif olunmuşdular. Həmçinin sərgidə ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı, polkovnik Aslan Vəzirovun komandiri olduğu 1-ci qvardiya həmlə mühəndis-istehkam briqadasının qızıl əsgərinin tam uniforması və hərbi ləvazimatı tamaşaçılara təqdim ediləcək. Məlumdur ki, 1941-1945-ci illər müharibəsində ilk gündən iştirak edən Aslan Vəzirov komandanlığın ən ağır tapşırıqlarını uğurla yerinə yetirmişdir. Onun rəhbərliyi altında 1-ci qvardiya həmlə mühəndis-istehkam briqadası Belorusiyanın azad edilməsi, Almaniyanın bir sıra şəhərlərinin, o cümlədən Berlinin alınmasında iştirak etmişdir. Həmlə briqadalarının döyüşçüləri əksər hallarda düşmənin ən güclü istehkamlarının alınmasına göndərilirdi. Sərgidə ilk dəfə olaraq milli Azərbaycan hərbi hissəsi olan 416-cı atıcı Taqanroq Qırmızıbayraqlı, Suvorov ordenli diviziyasının mayorunun tam uniforması nümayiş etdiriləcək. Müharibənin ən ağır döyüşlərində iştirak edən 416-cı atıcı diviziya Qafqazdan Berlinədək döyüş yolu keçmiş, Berlinin rəmzi sayılan Brandenburq darvazalarına al bayraq sancmışdır. Nümayiş olunacaq uniforma və ləvazimat Azad Hüseynovun fərdi kolleksiyasından sərgi üçün təqdim olunub.