XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 İyun, 2018
Muzey əməkdaşının Cümhuriyyət Ordusu mövzusunda albomu nəşr olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun müəllifi olduğu “Azərbaycan Cümhuriyyətinin Ordusu (1918-1920-ci illər)” albomu (Bakı, 2018, 60 səh.) çap olunmuşdur. Albomun elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Albom Cümhuriyyətin 100 illiyi münasibətilə nəşr olunmuşdur. Təqdim edilən albom Azərbaycan tarixşünaslığı sahəsində mövcud olan boşluğu doldurmaq, 1918-1920-ci illər Cümhuriyyət Ordusunun silahlarının və hərbi geyimlərinin öyrənilməsi məqsədilə hazırlanmışdır. Müəllif tərəfindən ölkə arxivlərində tədqiq edilən dövrə aid ordunun silah və geyim növlərinə aid əmrlər və fotoşəkillər, fərdi kolleksiyalarda çoxsaylı fotoşəkillər, yerli və xarici kolleksionerlərdə, respublika muzeylərində bəzi silah və uniforma nümunələri aşkar edilmişdir. Albomda toplanmış materiallar Cümhuriyyət Ordusunun silah və hərbi geyimləri, zabit və əsgərlərimizin zahiri görünüşü, maddi-təminat məsələləri haqqında geniş təsəvvür yaradır. Təqdim edilən rəsmlər və onlara aid elmi məlumatlar həm tədqiqatçılar, həm də geniş oxucu üçün faydalıdır və Cümhuriyyət Ordusu haqqında oxucuların biliyini, dünyagörüşünü artırmağa xidmət edir. Dosent S.Əhmədovu nəşr olunan albom münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.