XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Mart, 2016
Tatarıstanın tarixçi alimləri Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar

Azərbaycanda elmi ezamiyyətdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) Şəhabəddin Mərcani adına Tarix İnstitutunun alimləri Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, TREA-nın Ş.Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Hakimov, TREA-nın müxbir üzvü Radik Salixov, tarix elmləri doktoru Liliya Qabdrafikova, tarix elmləri namizədi İlnur Mirqaleyev, Ş.Mərcani adına Tarix İnstitutunun elmi katibi Bəxtiyar İzmaylov, tarix elmləri namizədi Aleksey Buşuyev, tarix elmləri namizədi Aydar Noqmanov Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.


Qonaqları səmimi salamlayan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan və tatar xalqlarının zəngin tarixi əlaqələrindən danışmış, xalqlarımız arasında olan dostluq və qardaşlıq münasibətlərini qeyd etmiş, türk tarixi-mədəni irsinin öyrənilməsi üzrə alimlərimizin tarixi əlaqələrini xüsusi vurğulamışdır. Qonaqlar Azərbaycanda olduqlarından məmnunluğunu bildirmiş, ölkəmizdə elmin inkişafı üçün bütün şəraitin yaradılmasını xüsusi qeyd etmişlər. Söhbət əsnasında Milli Azərbaycan Tarixi Muzeyi ilə Ş.Mərcani adına Tarix İnstitutu əməkdaşları arasında türk tarixi-mədəni irsinin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin əlaqələndirilməsi, müştərək muzey sərgilərinin, elmi konfransların, simpoziumların, müşavirələrin təşkilində birgə fəaliyyət göstərmələri barədə razılığa gəlindi.

Daha sonra qonaqlar Azərbaycanın tarixi ekspozisiyası, eləcə də H.Z.Tağıyevin ev-muzeyi ilə tanış oldular.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/