XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Fevral, 2016
Arxeologiya fonduna yeni arxeoloji tapıntılar təhvil verilib

Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Arxeologiya və Etnoqrafiya İnstitutu Orta əsrlər şöbəsinin müdiri, “Şəmkir arxeoloji ekspedisiyası”nın rəhbəri, t.ü.e.d. Tarix Dostiyev tərəfindən 2006-2014-cü illərin çöl-tədqiqat mövsümlərində orta əsr Şəmkir şəhər yerində aparılmış qazıntılardan əldə olunmuş 120 ədəd arxeoloji tapıntı təqdim edilib.
Təqdim edilmiş tapıntılar əsasən şirli və şirsiz saxsı qablardan, fayans və şüşə qab hissələrindən, şüşə bilərziklərdən, daş piydandan, dəmir midbər, bıçaq, nal, dəhrə, toqqa, mismar və ox ucluqlarından, mis qarmaq, üzük və sırğalardan, mərmər və pasta muncuqlardan, eləcə də müxtəlif təyinatlı inşaat keramikası nümunələrindən ibarədir. Onların arasında bir ədəd qızıl bilərzik hissəsi də var. Bütün bu tapıntılar IX-XIII əsrin əvvələrinə aid edilirlər.
Muzeyin Arxeologiya fondunun müdiri, t.ü.f.d. Nasir Quluzadənin sözlərinə görə bu tapıntılar təmsil etdikləri dövrün şəhər həyatını, xüsusilə də orta əsr Şəmkir şəhər əhalisinin məişətini, təsərrüfatını, memarlığını, sənətkarlığını, ticarət əlaqələrini və mənəvi mədəniyyətini özündə ehtiva edən qiymətli əşyavi mənbələrdir.