XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Oktyabr, 2018
Akademik Nailə Vəlixanlı beynəlxalq elmi konfransda çıxış edib
Oktyabrın 1-də AMEA-nın Əsas binasında Azərbaycandakı erkən hominid azıxantropun tapılmasının 50 illiyinə həsr olunan “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və digər görkəmli elm xadimləri də iştirak edib. İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə 20-dək tanınmış alimin də iştirak etdiyi konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Azərbaycan xalqı planetin ən qədim sakinlərindən biridir və 1968-ci ildə görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası tərəfindən Qarabağda Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkarlanması bunu bir daha sübut edir. O, Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan sümüyünün 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsi olduğunu və hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanıldığını diqqətə çatdırıb. Konfransda çıxış edən akademik Nailə Vəlixanlı bildirib ki, Azərbaycan bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olub, Azıx mağarasının tədqiqində M.Hüseynovla yanaşı, professor Dəmir Hacıyev də önəmli xidmətlər göstəriblər. Düşərgədən tapılan minlərlə maddi-mədəniyyət qalıqları bu gün Azıx kolleksiyası adı altında Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır. Konfrans çərçivəsində, həmçinin ibtidai insana məxsus çənə sümüyünün tapılmasını əks etdirən videoçarx nümayiş etdirilib. Plenar iclasdan sonra tədbir iştirakçıları AMEA-nın foyesində təşkil edilmiş sərgi ilə tanış olublar. 2 oktyabr tarixindən konfrans öz işini Qəbələ şəhərində davam etdirib. Tədbir iştirakçıları əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin foyesində Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid nadir maddi mədəniyyət nümunələri ilə tanış olublar. Sonra Qəbələdə aparılan arxeoloji tədqiqatlarla bağlı sənədli film nümayiş olunub. Proqram çərçivəsində paleolit dövrü arxeologiyası üzrə Azərbaycan alimləri ilə yanaşı, İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər də elmi məruzələrlə çıxış ediblər. Konfrans oktyabrın 5-dək davam edəcək.