XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Oktyabr, 2018
Rusiyalı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikov və xanımı AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdirlər. Rusiyalı qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirmişdir ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Akademik N.Vəlixanlı muzeyin həm də AMEA strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini və muzey binasının Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunduğunu da nəzərə çatdırmışdır. Cənab səfir və xanımı muzeyin zallarında Azərbaycan tarixinə aid nümayiş etdirilən maddi mədəniyyət nümunələri ilə yaxından tanış olmuşdur. Rusiya və Azərbaycanın tarixi əlaqələri haqqında da səfirə geniş məlumat verilmişdir. Həmçinin H.Z.Tağıyevin xatirə muzeyini də ziyarət etmişdirlər. Qonaqlar muzeydə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalarla da tanış olmuşlar. Buradakı məişət əşyaları və tarixi sənədlər onlarda zəngin təəssürat yaratmışdır. Cənab səfir Mixail Boçarnikov və xanımı ziyarətdən məmnun qaldıqlarını bildirmiş, Azərbaycan və Rusiya arasındakı tarixi, elmi-mədəni əlaqələrin davamını arzu etmişdirlər. Sonda Muzeyin direktoru, akademik Nailə Vəlixanlı cənab Mixail Boçarnikova və xanımına muzeyin nəfis tərtibatlı nəşrlərini hədiyyə etmişdir.