XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Oktyabr, 2018
Milli Azərbaycan Tarixi Muzeyinin arxeloji incisi: şüşə ətir qabı
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında şüşə tərkibli tapıntıların özünəməxsus yeri vardır. Müxtəlif dövrləri və məkanları təmsil edən bu tapıntılar öz təyinatına və formalarına görə də fərqlənirlər. Haqqında bəhs edilən kolleksiyanın şüşə tapıntıları arasında qab nümunələri xüsusilə seçilirlər. Diqqət cəlb edən belə nümunələrdən biri şüşə ətir qabıdır. Bu ətir qabı 1946-1953-cü illərdə mərhum arxeoloqumuz Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevir ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Qab armudvari gövdəsi və uzun boğazı ilə kolbaya bənzəyir. Tamamilə qara rəngdə olan bu qabın üzərinə ağ rəngli dalğavari və axıcı zolaqlarla naxışlar verilib. Onun hündürlüyü 11, ağız diametri 4, oturacaq diametri isə 3 sm-dir. Taxta qutu qəbirin avadanlığına daxil olmuş bu qab mütəxəssislər tərəfindən II-IV əsrlərə aid edilir. Ehtimal olunur ki, haqqında bəhs etdiyimiz şüşə qab ticarət əlaqələri nəticəsində Azərbaycan ərazisinə gətirilmişdir. İncə və zövqlə hazırlanmış bu qab həmçinin əşyavi mənbə kimi də çox dəyərlidir. Belə ki, bu nəfis maddi mədəniyyət nümunəsi Qafqaz Albaniyasında ticarət əlaqələrinin öyrənilməsində, eləcə də təmsil etdiyi dövrün şüşə istehsalı ilə bağlı mövcud təsəvvürlərin daha da zənginləşdirilməsində əvəzsiz rola malikdir.