Hazırkı ilin 27-29 sentyabrında Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhəri kitabxanasının Kalliqrafiya Mərkəzinin təşkilatçılığı ilə «Yaxın Şərq ölkələrində çap və nəşriyyat işi» adlı IV Beynəlxalq Simpoziumda Azərbaycan Respublikasını AMEA Milli Azərbaycan Tarixi Muzeyinin iki əməkdaşı - təhlükəsizlik üzrə direktor müavini, «Numizmatika və epiqrafika» elmi fond şöbəsinin dissertantı Həbibə Əliyeva və «Elmi-maarif və sərgilərin təşkili» şöbəsinin elmi işçisi, «Qədim və orta əsrlər tarixinin elmi ekspozisiyası» şöbəsinin dissertantı Səidə Həmzəbəyova təmsil etmişlər.
27 sentyabrda İsgəndəriyyə kitabxanasının konfrans zalında baş tutan açılışda İsgəndəriyyə kitabxasının müdiri, dr. İsmayıl Seragelin və dr. Yaxın Şərq ölkələrinin tarixi üzrə tədqiqatçı Ceyri Roper və d. təşkilatçılar çıxış edərək iştirakçıları salamladılar və simpozium münasibətilə təbrik etdilər.
Kitabxananın dəhlizində nümayiş etdirilən sərgidə ərəb xətt növlərindən ibarət müxtəlif nümunələr və İsgəndəriyyə kitabxanasında qorunan əlyazmalar nümayiş etdilirdi.
Simpoziumda misirli məruzəçilərlə yanaşı həmvətənlərimiz və Fransa, İran, Almaniya, ABŞ, BƏƏ, Иordaniya, Türkiyə, İtaliya, Ermənistan, Livan, Mərakeş, Rusiya, Hindistan və b. ölkələrin ali məktəb və elmi müəssisə tədqiqatçıları tarixi, arxeoloъi, epiqrafik məzmunlu maraqlı məruzələrlə çıxış etmişlər. Məruzələr tezis şəklində nəşr edilmiş və iştirakçılara paylanmışdır.
28 sentyabrda çıxış edən Həbibə Əliyeva «XVI-XVII əsrlərdə Azərbaycan kalliqrafiyası» adlı məruzəsi ilə bərabər şəkilatı sözləri ingilis dilində olmaqla elektron slayd nümayiş etdirmişdir. Slaydda qədim Azərbaycan kalliqrafik nümunələri (mədəniyyət abidələri, yazılı əsərlər) tamaşaçılara göstərilmişdir.
Məruzədə Azərbaycanda kalliqrafiya elminin təşəkkülü və təkamülü tarixi baxımdan təhlil edilmiş, azərbaycanlı xəttatların ərəb xətt növlərindən yetərincə faydalanması və milli əlavələr etməsi ilə bağlı qeydlər əks edilmişdir. Elektron slaydda Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan qədim əlyazmalardan ibarət kitab nümunələri, ekspozisiyada nümayiş etdirilən kalliqrafik yazıların həkk edildiyi maddi mədəniyyət tapıntıları göstərilmişdir.
H.Əliyeva çıxışında YUNESKO-nun xətti ilə 2012-ci ilin Yerevan şəhərində kitab ili elan edilməsi barədə məlumata reaksiya vermişdir. O, Ermənistan Respublikasının işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının 20 % torpaqlarını işğal etməsi, bir milyon Azərbaycan əhalisinin qaçqın düşməsi faktını bildirmiş, işğal ərazisində mövcud olmuş muzeylərin, qiymətli əlyazmaların saxlandığı kitabxanaların yandırılmasını və məhv edilməsini xüsusilə qeyd etmişdir. O, həmçinin yüz mindən artıq qədim Azərbaycan kitablarının və 3 nüsxə nadir Qurani-Kərimin erməni işğalçıları tərəfindən yandırılıb, məhv edilməsini, digər xalqın sərvətlərinə göz dikən ermənilərin bu abidələri öz adlarına və tarixinə uyğunlaşdırdığını da bildirmişdir. H.Əliyeva çıxışının sonunda təşkilatlardan çıxışının yazılı müraciət şəklində YUNESKO-nun məsul şəxslərinə çatdırılmasını xahiş etmişdir.
Çıxışdan sonra Həbibə Əliyevaya ərəb milliyyətinə məxsus konfrans iştirakçısı Misirlə Azərbaycan əlaqələrinin mənşəyinin hansı dövrdən etibarən başladığı sualını vermişdir. Suala cavab verən həmyerlimiz Milli Azərbaycan Tarixi Muzeyində qorunan Azərbaycan ərazisində aşkarlanmış maddi mədəniyyət tapıntılarının, tarixi əsərlərin təhlili nəticəsində əlaqələrimizin eradan əvvəlki dövrlərdən etibarən başladığın bildirmiş və orta əsrlərdə davam etdiyini, XX əsrdə isə azərbaycanlı neft milyonçusu H.Z.Tağıyevin Misirdə məktəb tikintisinə maddi xeyriyyəçilik göstərdiyi faktını nəzərə çatdırmışdır.
«Hadi Əhmədin əsərində xəttatlar (oriyentalist-professor V.F.Minorskinin tədqiqatlarına istinadən)» adlı məruzəsi ilə ingilis dilində çıxış edən Səidə Həmzəbəyova Səfəvi dövründə fəaliyyət göstərən Azərbaycan kalliqraflarının dünya xəttatlığına təsiri faktını vurğulamış və azərbaycanlı sənətkarların əsərlərindən ibarət elektron slaydı tamaşaçıların diqqətinə çatdırmışdır. Slaydda Azərbaycan miniatürlərinin kənarındakı xətt növləri əksini tapmışdır.
İsgəndəriyyə kitabxanası barədə ətraflı məlumat alan iştirakçıların diqqətini məşhur kitabxanın oxu zalları, azyaşlı uşaqlar üçün xüsusi oxu otaqları cəlb etmiş və kitabxanın iş sistemi barədə ətraflı məlumat almışlar.
İştirakçılara yazılı təşəkkürnamə təqdim edilmiş və onlar mədəni proqram çərçivəsində İsgəndəriyyə şəhərinin qədim abidələri ilə tanışlıq olmuşlar.
Həmyerlilərimiz İsgəndəriyyə kitabxanasına 2010-cu ildə nəşr edilmiş «Milli Azərbaycan Tarixi Muzeyinin inciləri» və «Hacı Zeynalabdin Tağıyev» kitab-albomlarını, muzey eksponatlarından ibarət broşürləri hədiyyə etmişlər.
Məruzəçilərimiz gələcəkdə də əlaqələrin davamlı olacağına inanaraq və İsgəndəriyyə kitabxanası əməkdaşlarının da müxtəlif mövzulu konfrans və sərgilərin təşkilində maraqlı olduqlarını nəzərə alaraq, fəaliyyətlərin genişləndirilməsinə ümid bəsləyirlər.
Simpoziumla əlaqədar göstərilən diqqət və münasibətə görə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Həbibə Əliyeva və Səidə Həmzəbəyova Misir Ərəb Respublikasındakı Azərbaycan səfiri Şahin Abdullayev cənablarına xüsusi təşəkkürlərini, Misir Ərəb Respublikasındakı Azərbaycan səfirinin birinci katibləri Hikmət Hacıyev və Elnur İsmayılova və əməyi keçən bütün səfirlik işçilərinə minnətdarlığını bildirirlər.
Konfransın proqramı və ətraflı məlumat www.bibalex.org və saytlarında təqdim edilmişdir.
Aygün Məmmədova
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.