XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Oktyabr, 2018
Milli Azərbaycan Tarixi Muzeyində rusiyalı fotoqrafa həsr olunmuş mühazirə keçirildi
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq Azərbaycan tarixi, maddi və mənəvi irsinin zənginləşdirilməsində mühüm rol oynamış şəxslərə həsr olunmuş maarifləndirici mühazirələr təşkil olunur. Növbəti – “Rusiya imperiyasında rəngli fotoşəkillərin pioneri. S. Prokudin-Qorskinin tarixi və bədii irsinin əhəmiyyəti” (rus dilində) adlı mühazirə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən B. Yeltsin adına Prezident Kitabxanasının birgə layihəsi çərçivəsində keçirilib. Yazıçı və fotoqraf Rüstəm Hüseynov tərəfindən oxunan mühazirədə rəngli foto çəkilişlərin tarixi, fotoqraf S.Prokudin-Qorskinin (1863-1944) həyatı və onun Azərbaycanda - Bakıda - İçərişəhərdə, Muğanda çəkdiyi rəngli fotoşəkillərdə əks olunmuş bölgələrimiz haqqında ətraflı məlumat verilib, slaydlarla nümayiş olunub. S.Prokudin-Qorskinin geniş miqyaslı mirası dünya fotoqrafiya tarixində özünəməxsusdur. Bu böyük sənətkar özünün bütün böyük qabiliyyəti və məqsədini, böyük enerjisini Rusiya imperiyasını olduğu kimi təsvir etmək üçün həsr etmişdir. Təkcə Rusiya tarixi və Rusiya imperiyası əhalisinin həyat və geyim tərzi deyil, həmçinin, Azərbaycan tarixi, Bakının və Muğanın tarixi ilə maraqlananlar üçün S.Prokudin-Qorskinin mədəni irsi və çəkdiyi nadir fotoşəkillər çox əhəmiyyətlidir.