XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Oktyabr, 2018
İranlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
İran İslam Respublikasının Təbriz İslam İncəsənət Universitetinin professoru Bəhram Acarlı və xanımı AMEA Milli Azərbaycan Tarixi Muzeyində olub. İranlı alim muzeyin zallarında Azərbaycan tarixinə aid nümayiş etdirilən maddi mədəniyyət nümunələri ilə yaxından tanış olub. Azərbaycan ərazisində var olmuş qədim dövlətlər, həmçinin, İran və Azərbaycanın tarixi, elmi-mədəni əlaqələri haqqında qonağa geniş məlumat verilib. İranlı alim H.Z.Tağıyevin xatirə muzeyini də ziyarət edib. Muzeydə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalarla tanış olub. Buradakı məişət əşyaları və tarixi sənədlər onda zəngin təəssürat yaradıb. Azərbaycan və İran arasındakı tarixi, elmi-mədəni əlaqələrin davamını arzu edib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşən qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilib. Akademik Nailə Vəlixanlı bildirib ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Nailə xanım muzeyin həm də elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini qeyd edib. Muzey binasının Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunduğunu nəzərə çatdırıb. İranlı qonaqla İslam İncəsənət Universiteti və muzey arasındakı mədəni əlaqələrin qurulması məsələləri də müzakirə edilib. Sonda iranlı professor Bəhram Acarlıya muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib. Hörmətli alim ziyarətdən məmnun qaldığını bildirib.