XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Noyabr, 2018
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası yenilənəcək
Milli Azərbaycan Tarixi Muzeyi 2020-ci ildə yaradılmasının 100-cü ildönümünü təntənəli şəkildə qeyd etməyi planlaşdırır. Bu məqsədlə bir çox işlərin yerinə yetirilməsi nəzərdə tutulub. İcrası 2019-cu il üçün nəzərdə tutulmuş silsilə işlər sırasında mövcud ekspozisiyanın yenilənməsi və təkmilləşdirilməsi də yer alıb. Tərtib edilmiş iş planına əsasən bu günlərdə geniş tərkibli xüsusi yığıncaq da cağrılmışdı. Akademik Nailə Vəlixanlının sədrliyi ilə keçən həmin yığıncaqda ilkin olaraq Daş dövrü zalının yenidən qurulması ilə bağlı təkliflər dinlənilmişdi. Səsləndirilən təkliflər Arxeologiya fondunun materialları və müasir elmi nəzəri konsepsiyalar əsasında Arxeologiya elmi fond şöbəsi tərəfindən tərtib edilmişdir. Təkliflərə əsasən bəzi vitrinlərin mövzuları dəyişdirilməli, yeni fond materialları cəlb edilməli, xronoloji ardıcıllıq gözlənilməklə müəyyən yerdəyişmələr aparılmalı, mövcud boşluqlar aradan qaldırılmalıdır. Bundan əlavə Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə panellərdəki məlumatların da dəyişdirilməsi və yenilərinin əlavə edilməsi ilə bağlı təkliflər irəli sürmüşdür. Daha sonra yığıncaq iştirakçıları yerində baxış keçirmək məqsədilə Daş dövrü zalının mövcud vəziyyəti ilə tanış olmuşlar. Baxışdan sonra həmin zala əlavə olaraq üç vitrinin yerləşdirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Arxeologiya elmi fond şöbəsinə isə oktyabr ayının sonunadək ekspozisiyaya cəlb olunacaq yeni materialların siyahısının və panel mövzularının hazırlanması tapşırılmışdır. Həmin yığıncaqda mütəxəssis qismində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Azad Zeynalov da iştirak etmişdir. Onun müzakirə olunan məsələlərlə bağlı təklif və tövsiyələri yığıncaq iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Ümumilikdə, yığıncaq müzakirələr baxımından məhsuldar olmuşdur. Ekspozisiyanın yenilənməsi ilə bağlı müzakirə edilən mövzularla bağlı vacib qərarlar qəbul edilmişdir.