XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Noyabr, 2018
Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları Berlində keçirilən sərgidə nümayiş etdirilir
Berlində AXİCA konqreslər sarayında Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan sərgidə xüsusi yer Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarına məxsus olmuşdur. Bu eksponatlar Muzeyin fondlarından sərgiyə təqdim edilib və AXC-ə aid olan tarixi eksponatlardır. Belə ki, sərgidə AXC-nin siyasi, iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu, təhsil, elm və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirləri işıqlandıran stendlər, sənədli filmlər, fotolardan ibarət slaydlar, tarixi eksponatlar nümayiş etdirilmişdir. Tamaşaçıların diqqətini cəlb edən eksponatlar sırasında Parlamentin açılışına həsr olunmuş xatirə medalı, Azərbaycan Cümhuriyyətinin pul vahidləri olan əskinaslar, Hərbi Nazir general Səməd bəy Mehmandarov və onun müavini general Əliağa Şıxlinskiyə aid şəxsi əşyalar, bəstəkar Müslüm Maqomayevə məxsus olmuş dirijor çubuqu, üzərində Cümhuriyyətin rəmzləri olan xəncər, Cümhuriyyətin poçt markaları, xeyriyyəçilər - Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevə məxsus olmuş bank kağızları, Azərbaycan dövləti hesabına xaricə təhsil almağa göndərilmiş tələbələrdən olmuş İsmayıl Axundovun Almaniyada təhsil almasını və elmi dərəcəyə layiq görülməsini sübut edən diplomlar qeyd oluna bilər.