XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Noyabr, 2018
Muzeydə “Qadın zorakılığına son deyək” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qadınlar Şurası tərəfindən “Qadın zorakılığına son deyək” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatları təqdim etməkdir. Tədbirdə Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova, İctimai Liderlərin Məşvərət Məclisinin sədri Həsən Şıxəliyev, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, muzeyin əməkdaşları və b. iştirak ediblər. Tədbiri muzeyin Elmi işlər üzrə direktor müavini,muzeyin Qadınlar Şurasının sədri t.ü.e.d. Nərgiz Əliyeva giriş sözü ilə açaraq gələn qonaqları salamladı. N.Əliyeva öz çıxışında cəmiyyətdə qadınların hüququ və siyasi fəaliyyəti mövzusu ilə bərabər qadınlara qarşı məişət zorakılığından danışıb. Nərgiz xanım həmçinin iştirakçılara muzeydə yeni yaradılan Qadınlar Şurasının fəaliyyəti haqqında da məlumat verib. Şura yaradılan gündən qadınların problemlərini öyrənmək və kömək etmək üçün yollar axtarır. Şura qadınlara müraciət edərək, üzləşdikləri problemlərin həlli üçün bizə müraciət etmələrini xahiş edib. Sonra təşkilatın sədri N.Əliyeva muzeyin qadın əməkdaşını yubileyi münasibətilə təbrik edib. Daha sonra Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova çıxış etdi. O, bildirdi ki, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatında 25 noyabr tarixi - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü kimi elan edilib. Qadın zorakılığına qarşı mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılır. Ş.Dadaşova Azərbaycanın regionlarında qadın zorakılığına qarşı keçirilən tədbirlərdən və onların həlli istiqamətində görülən işlərdən ətraflı danışıb. Tədbirdə iştirak edən İctimai Liderlərin Məşvərət Məclisinin sədri Həsən Şıxəliyev və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə də çıxış edərək, qadınlara, uşaqlara qarşı zorakılıq hallarına dövlət və vətəndaş cəmiyyəti tərəfindən böyük diqqət yetirildiyini və bu problemlərin aradan qaldırılmasında ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışdılar. Qeyd olunub ki, statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, əksər hallarda isə fakt gizli saxlanılır. Müzakirə şəklində keçən tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırıldı və qadına qarşı zorakılıq mövzusunda hazırlanmış maarifləndirici materiallar paylanıldı.