XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Noyabr, 2018
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Çində elmi səfərdə olub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və onu müşayiət edən muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva, Elmi Fond işləri üzrə t.ü.f.d., dos. Məhfuzə Zeynalova Çində elmi səfərdə olublar. Fuçjou şəhərində Beynəlxalq Konfrans və Sərgi Mərkəzində İpəkyolu Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın konqresi keçirilib. Tədbirdə Çin və dünya muzeylərinin nümayəndələri iştirak ediblər. İpək Yolu üzərində olan ölkələrdən - Azərbaycan, Qazaxıstan, Kombociya, İzrail, Laos, Monqolustan, Belorusiya, Serbiya və b. milli muzeylərinin rəhbər və nümayəndələri dəvət olunublar. Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin direktor müavini, t.ü.f.d Məhfuzə Zeynalova çıxış edərək, muzeyin elmi fəaliyyətindən, eksponatların qorunub mühafizəsi və bərpa texnologiyasından danışıb. O, həmçinin muzeydə qorunan İpək Yolu üzərində olan muzeylərlə əlaqələrini əks etdirən eksponatlar haqqında məlumat verib. Çıxışlardan sonra İBMA və ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb və Nizamnamə qəbul olunub. 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirdə muzeylər arasında beynəlxalq əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması haqqında müzakirələr olub. Sonra İBMA təşkilatının Prezident və vitse-prezidentləri yerlərinə nümayəndələr seçilib. 9 vitse-prezidentdən, 5 nəfəri çinli və 4 nəfəri digər dövlətlərdən seçilib. Seçilən vitse-prezidentlərdən biri Azərbaycandan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı olub. Bu muzeyin beynəlxalq əlqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. İpəkyolu Beynəlxalq Muzeyləri Alyansı təşkilatına qəbul olunmuş dövlətlərin milli muzeyləri arasında Milli Azərbaycan Tarixi Muzeyi böyük uğurlara imza atıb. Bu münasibətlə başda akademik Nailə Vəlixanlı olmaqla muzey kollektivini təbrik edirik.