XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Dekabr, 2018
Muzeyin nadir kitab incisi
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasında elmin bir çox sahələrinə aid nadir kitablar mühafizə olunur. Muzeyin “Nadir kitablar fondu”nda qorunan dəyərli kitablardan biri də fars dilinin qrammatikasına aid yazılmış "Краткая грамматика персидского языка" adlanır. Əsərin müəllifi xalqımızın ictimai-siyasi və mədəni inkişafı tarixində özünəməxsus yеr tutan böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovdur. Kitab 1841-ci ildə Tiflisdə nəşr olunub və 97 səhifədir. Əsər fars dilindən rus dilinə müəllifin özü tərəfindən tərcümə olunmuşdur. Kitab “Hərflər”, “Kəlmələr” və “Cümlə” adlanan üç fəsildən ibarətdir. Birinci hissədə fars dilində olan 32 hərf və onların yazılışı, tələffüzü, ifadə etdiyi səslər haqqında məlumat verilir. Əsərin ikinci fəslində nitq hissələrinin bölgüsü, üçüncü fəslində isə cümlə quruluşu və fars dilində işlənən ərəb sözlərinin izahı vеrilmişdir. Kitab fars dilinin qrammatikasını öyrənmək istəyənlər və klassik irsimizin tədqiqatçıları üçün dəyərli mənbədir.