XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Dekabr, 2018
Muzeyə yeni arxeoloji eksponat daxil olub
Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna yeni arxeoloji tapıntı qəbul edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən daimi mühafizəyə təqdim edilmiş həmin tapıntı dəfn küpündən ibarətdir. Küp 2017-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, “Qədim Qəbələ” arxeoloji ekspedisiyasının rəisi, t.ü.e.d. Nəcəf Müseyibli və ekspedisiyanın üzvü, t.ü.f.d. dosent Anar Ağalarzadə tərəfindən tapılıb. Qəbələ rayonu ərazisindəki son xalkolit dövrünə (e.ə. IV minilliyin birinci yarısı) aid Qalayeri yaşayış məskənində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Hündürlüyü 74 sm, gövdəsinin diametri isə 56 sm olan həmin saxsı küpdə körpə uşaq dəfn edilmişdir. 22 №-li qəbir kimi qeydə alınmış həmin küpün növbəti ildən Muzeyin Daş dövrü ekspozisiyasında nümayiş etdirilməsi planlaşdırılır. Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin sözlərinə görə xalkolit dövrünün dəfn adətlərini özündə ehtiva edən bu küp Muzeyin arxeoloji kolleksiyasında ilk və yeganə nümunədir.