XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Dekabr, 2018
Muzeyin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 15-ci anım gününə həsr olunmuş viktorina keçirildi
10 dekabr 2018-ci il tarixində Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 15-ci anım gününə həsr olunmuş siniflərarası viktorina keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra məktəbin şagirdi Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx vasitəsilə çıxış etmişdir. Azərbaycanın zəngin tarixinin öyrənilməsi və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intelektual yarışda Məktəbin şagirdlərindən ibarət “Atabəylər”, “Şirvanşahlar” və “Səfəvilər” komandaları iştirak etdilər. Viktorinanın sualları Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov tərəfindən orta məktəblərin “Azərbaycan tarixi” fənni proqramına uyğun olaraq hazırlanmışdır. Monitorda slayd vasitəsilə müşaiyət olunan suallar, “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr”, “Ulu öndər və Azərbaycan” mövzularını əhatə etdi. Viktorinada qalib komanda Məktəbin direktoru Gülşən Orucova başda olmaqla direktor müavinləri və Muzeyin elmi işçilərindən ibarət münsif heyəti tərəfindən qiymətləndirilmişdir. Qızğın mübarizə şəraitində keçən bilik yarışmasının qalibi “Şirvanşahlar” komandası oldu. Qaliblər diplom, Muzeyin nəfis tərtibatlı nəşrləri və xüsusi hədiyyə kimi Milli Azərbaycan Tarixi Muzeyinin “Ailə bileti” ilə mükafatlandırıldılar. Sonda Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru “Azərbaycan tarixi” mövzusunda keçirilmiş viktorina haqqında fikirlərini və təşkilatçılara minnətdarlığını bildirdi.