XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Dekabr, 2018
Muzeydə “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Tofiq Ağahüseynov, AMEA-nın Birləşmiş Veteranlar şurasının sədri Eldar Quliyev, Azərbaycan İstiqlal Muzeyinin direktoru Şəmsi Fəridə, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru Əzizağa Qənizadə, Böyük Vətən müharibəsi veteranı, İtaliya müqavimət hərəkatında iştirak etmiş partizan Məşi Elyazovun qızı Əfruz Elyazova, sosial elmlər üzrə fəlsəfə doktoru, sosioloq İlham Abbasov, media nümayəndələri də tədbirdə iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb. “Mixaylo”nun İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətindən danışan akademik, qeyd edib ki, M.Hüseynzadə həm öz qəhrəmanlığı ilə, həm də yaratdığı rəsm əsərləri ilə, fırçası ilə Azərbaycan xalqının yaddaşında özünə əbədi ad qazanıb. Azərbaycan ədəbiyyatında, publisistikasında, incəsənətində M.Hüseynzadənin adı daim təbliğ edilib. Akademik N.Vəlixanlı bildirib ki, Muzeyin fondlarında M.Hüseynzadəyə məxsus eksponatlar qorunur və nümayiş etdirilir. O, yetişməkdə olan gənc nəslin vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmaq üçün Mehdi kimi qəhrəmanları nümunə götürməyə dəvət edib. Sonra tədbirin aparıcısı, Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Bəhman Kərimov sözü YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevə verdi. Ş.Hacıyev çıxış edib bildirdi ki, M.Hüseynzadə özünü vətən uğrunda qurban verib. O, M.Hüseynzadənin əsirlik həyatından, keçdiyi döyüş yolundan bəhs etdi. Azərbaycan dövlətinin də günümüzdə veteranlara, şəhid ailələrinə qayğısından danışdı. Daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə olunan Mehdi Hüseynzadənin rəsm əsərləri, qəhrəmanın incəsənət duyumu, fitri istedadı haqqında ətraflı məlumat verdi. M.Hüseynzadənin əsirlikdə olarkən M.Rəsulzadə ilə olan əlaqələrindən bəhs etdi. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov çıxış edərək, qəhrəmanın xatirəsini yad etdiklərinə görə Muzey rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirdi. M.Hüseynzadənin uşaqlıq illərindən, ailəsinin və partizan yoldaşlarının xatirələrindən danışdı. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev isə gəncləri hərb tariximizi, hərbi-vətənpərvərlik işlərini daha dərindən öyrənməyə dəvət etdi. “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev isə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən M.Hüseynzadə kimi azərbaycanlı partizanların adının yaşadılmasında 1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində çalışan Heydər Əliyevin misilsiz xidmətləri haqqında çıxış etdi. Tədbir Mehdi Hüseynzadənin Muzeydə mühafizə olunan şəxsi əşyalarından təşkil olunmuş sərgiyə baxışla və Azərbaycanın hərb sənətinə həsr olunmuş nəşrlərlə tanışlıqla yekunlaşdı.