XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Dekabr, 2018
Admiral Cəlil Cavadovun 100 illiyi təntənəli şəkildə qeyd olunacaq
Dekabrın 18-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Şərq zalında Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) 100 illiyinə həsr olunmuş “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” adlı təntənəli tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, o cümlədən SQ Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, həmçinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, Azərbaycan Respublikası Veteranlar Təşkilatının, bir sıra dövlət arxivlərinin, muzeylərin, elmi idarələrin əməkdaşlarının, eləcə də hərb tarixçilərinin və admiralın ailə üzvlərinin iştirakı gözlənilir. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatları əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi nümayiş etdiriləcək. Burada həmçinin Hədəf liseyi və Günəş art-studiosunun hazırladığı “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi nümayiş etdiriləcək. Tədbir çərçivəsində admiral C.Cavadovun həyatına, döyüş və xidməti yoluna həsr olunmuş, fotoprezentasiya ilə müşayiət olunan çıxışlar olacaq, həmçinin bu yaxınlarda CBC kanalı tərəfindən çəkilmiş və cəsur admiralımıza həsr olunan “Donanmanın əfsanəsi” adlı film nümayiş etdiriləcək. Tədbirdə bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən çap olunmuş, müəllifi t.ü.f.d., dosent Səbuhi Əhmədov olan “Admiral Cavadov. Həyatı və döyüş yolu” adlı kitab oxuculara təqdim ediləcək.