XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Dekabr, 2018
Muzeydə “Admiral C.Cavadovun həyat, döyüş və xidməti yolu” adlı təntənəli tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, o cümlədən SQ Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, həmçinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, Azərbaycan Respublikası Veteranlar Təşkilatının, bir sıra dövlət arxivlərinin, muzeylərin, elmi idarələrin əməkdaşlarının, eləcə də hərb tarixçilərinin və admiralın ailə üzvlərinin iştirak ediblər. Tədbiri giriş söz ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Azərbaycanın ilk admiralı C.Cavadovun 100 illiyinə həsr olunan bu tədbir əlamətdar hadisədir. Respublikada hərbi vətənpərvərlik işinin təşkilində, eləcə də Azərbaycan tarixinin şanlı səhifələrinin təbliğində admiral Cəlil Cavadovun həyat yolunun araşdırılması və geniş ictimaiyyətə, ilk növbədə gənc nəslə çatdırılması vacibdir. Muzeydə C.Cavadova məxsus əşyalar da qorunur və nümayiş etdirilir. T.ü.f.d., dosent Səbuhi Əhmədov “Azərbaycanın ilk admiralı” adlı çıxışında Cəlil Cavadovun həyat, döyüş və xidməti yolu barədə ətraflı danışıb, fotolardan ibarət prezentasiya nümayiş etdirib. Tədbirdə bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən çap olunmuş, müəllifi S.Əhmədov olan “Admiral Cavadov. Həyatı və döyüş yolu” adlı kitab oxuculara təqdim edilib. AR Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Azərbaycan xalqının qəhrəman oğlu admiral Cavadovun II Dünya müharibəsi dövründə qəhrəmanlıqlarından danışıb, döyüş yolunu geniş işıqlandırıb. Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyev admiral Cəlil Cavadovun Azərbaycanın hərb tarixində yerini xüsusilə vurğulayıb, onun Qara dəniz, Şimal dənizi, Baltika dənizində, eləcə də Dunay çayında keçirdiyi hərbi əməliyyatların təhlil edilməsinin vacibliyini qeyd edib. Çıxışlar zamanı Vikipediya internet ensiklopediya səhifələrində Cəlil Cavadov haqqında olan məlumatların yenilənməsi barədə məlumat verilib, yeni İnternet səhifələri onlayn rejimdə tamaşaçılara nümayiş olunub. CBC televiziya kanalının əməkdaşı Tural Əliyev layihə rəhbəri və redaktoru olduğu və admirala həsr olunan “Donanmanın əfsanəsi” sənədli filminin çəkilişləri barəsində ətraflı məlumat verib və film nümayiş etdirilib. Sonda ailə üzvləri adından çıxış edən admiralın qızı - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova Cəlil Cavadovun həyat, döyüş və xidmət yolunun tədqiq və təbliğində xidmətləri olan bütün şəxslərə dərin təşəkkürünü bildirib. Daha sonra Cəlil Cavadovun həyat, döyüş və xidmət yolunun tədqiq və təbliğində xidmətləri olan bütün şəxslərə təşəkkürnamələr, həmçinin rəsm sərgisində iştirak etmiş məktəbli uşaqlara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatları əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi nümayiş etdirilib. Eksponatlar sırasında admiralın diplomları, şəxsi əşyaları, hərbi geyimi, silahı, orden və medalları, fotoşəkilləri xüsusi maraq kəsb edir. Burada həmçinin “Hədəf” liseyi və “Günəş” art-studiosunun hazırladığı “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi nümayiş olunub. 20-dən artıq məktəbli admiralın portretlərini, həmçinin onun həyatının müxtəlif anlarını təsvir ediblər.