XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Yanvar, 2019
Muzeyin ekspozisiyasının təkmil-ləşdirilməsi məsələləri müzakirə olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının sədrliyi ilə iclas keçirilib. Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d., Məhfuzə Zeynalova, Elmi katib, t.ü.f.d. Fərhad Cabbarov, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov və Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə iclasda iştirak ediblər. Gündəlikdə duran əsas məsələ Muzeyin mövcud ekspozisiyasının təkmilləşdirilməsi idi. Bu, Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 100-cü ildönümünə hazırlıq işlərinin tərkib hissəsidir. İclasda əsasən ekspozisiyanın orta əsrlər dövrünə aid mövzuların, eləcə də həmin mövzulara aid eksponatların nümayişi məsələləri müzakirə olunub. Azərbaycanın dövlətçilik tarixinin daha qabarıq şəkildə, eləcə də müasir dövrün tələbləri çərçivəsində təqdim edilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bu baxımdan ekpozisiyada “Azərbaycan VII-X əsrlərdə. Ərəb işğalına qarşı mübarizə”, “IX-XI əsrlərdə Azərbaycan dövlətləri”, “Şirvanşahlar dövləti” və “Azərbaycan XI-XII əsrlərdə: Səlcuq imperiyası, Atabəylər dövləti” mövzularına aid eksponatların yerləşdirilmə məkanları və formaları dəqiqləşdirilib. Bundan başqa iclasda Azərbaycan xalqının orta əsrlər dövrünə aid maddi və mənəvi mədəniyyətinin yeni eksponatlar hesabına daha da zənginləşdirilməsi qərara alınıb. Həmçinin, fond materiallarından ibarət kataloqların nəşri və 2019-cu il üçün elmi fond şöbələrinin planları, o cümlədən muzey əməkdaşlarının elmi məqalələrinin çap olunması məsələləri də müzakirə olunub.