XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Yanvar, 2019
Muzeylərarası əlaqələr genişlənir
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin bir qrup əməkdaşı Xalq Təhsili Muzeyini ziyarət ediblər. Qonaqları Muzeyin direktoru Lalə Bayramova qəbul etdi. Görüşdə MATM-nin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsindən şöbə müdiri E.Dadaşov, şöbənin aparıcı elmi işçisi, m.ü.f.d., dosent N.Yusifova, elmi işçi N.Əsədova və İ.İsmayılova iştirak ediblər. Xalq Təhsili Muzeyinin tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən L.Bayramova, MATM ilə qurulacaq əməkdaşlığın gənc nəslin maarifləndirilməsi istiqamətində faydalı olacağını bildirib. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb – Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyinin keçirilməsi haqqında 14 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən hər iki muzeyin birgə təşkilatçılığı ilə “Bakı Dövlət Universiteti-100” adlı elmi seminarın keçirilməsi üçün tədbir planı müzakirə olunub. Daha sonra Xalq Təhsili Muzeyinin kitabxanasına MATM-nin nəfis tərtibatlı nəşrləri hədiyyə olunub. Həmçinin, Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış olan qonaqlara Azərbaycan təhsilinin keçdiyi tarixi inkişaf yolu haqqında ətraflı məlumat verilib. Sonda MATM əməkdaşları Xalq Təhsili Muzeyinin rəy kitabında xoş təəssüratlarını qeyd ediblər.