XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Yanvar, 2019
Milli Azərbaycan Tarixi Muzeyinin incisi: Balbal
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında daşdan hazırlanmış tapıntıların özünəməxsus yeri var. Müxtəlif dövrləri və məkanları təmsil edən bu tapıntılar öz təyinatına, forma və məzmunlarına görə də fərqlənirlər. Haqqında bəhs edilən kolleksiyanın çoxsaylı daş tapıntıları arasında daş insan heykəlləri - balballar xüsusilə seçilirlər. Diqqəti cəlb edən belə heykəllərdən biri mərhum arxeoloq Cabbar Xəlilov tərəfindən 1959-cu ildə Şamaxı rayonunun Çıraqlı  kəndi yaxınlığında tapılmış, elə həmin ildə Muzeyə təhvil verilmişdir. Hündürlüyü 116, uzunluğu 50, eni 23 sm olan Çıraqlı heykəli uzunsov əhəngdaşından çapma və yonma üsulu ilə nisbətən kobud hazırlanmışdır. Heykəldə insan anfasdan göstərilmişdir. Bəzi əlamətlərinə görə kişini xatırladır. Balbalın başı uzunsov olub, bədənə girmiş vəziyyətdədir. Boğaz yoxdur. Sifət cizgiləri yox dərəcəsindədir. Yalnız alın və burun irəliyə çıxıntı şəklində verilib. Hər iki əli sinənin üzərində qatlanmışdır. Sanki təzim vəziyyətindədir. Heykəlin çanaq hissəsi nisbətən enlidir. Bu cür heykəllər Cənubi Sibirdən Şərqi Avropayadək uzanan ərazidə geniş yayılmışdır. Qədim türk mədəniyyətinin bir hissəsi olan bu heykəllər əcdadlara pərəstiş əlaməti olaraq təpələrdə, kurqanlarda və müqəddəs məkanlarda ucaldılmışdır. Bəzi yazılı mənbələrdə həmin heykəllərin düşmən döyüşçüsünün şərəfinə ucaldıldığı göstərilib. Dövrü VIII-IX əsrlərə aid edilən həmin heykəl Azərbaycanın erkən orta əsrlər dövründəki daşiləmə sənətinin inkişaf səviyyəsi, eləcə də öz dövrünün dini-fəlsəfi dünyagörüşü haqqında dolğun təsəvvür yaradır.   Hazırda Azərbaycanın Qarabağ, Mil, Muğan düzlərində köhnə qəbiristanlıq və dağ, təpə üzərində rast gəlinən bu plastik sənət nümunələri Azərbaycan xalqının adət-ənənə, dini-əqidə və estetik zövqü haqqında məlumat verən qiymətli məxəzlərdir. Bu daş abidələrin oxşar nümunələrinə Mərkəzi Asiya və Cənubi Rusiya çöllərində də rast gəlinir. Həmin heykəllərin bu ərazidə yaşamış əcdadlarımızın hərbi-quldarlıq ideologiyası əsasında yaradıldığını zənn etmək olar. Bu ideologiyanın başlıca prinsipləri köçəri qəbilə başçıları və igidlərinin qəhrəmanlığını təbliğ etmək və əbədiləşdirməkdən ibarət olmuşdur. Belə heykəllər, çox güman ki, döyüşlərdə qəhrəmanlıqla həlak olmuş döyüşçülərin və eləcə də qəbilə başçılarının qəbirləri üstündə qoyularmış. Onların öldürdükləri düşmənlərin sayı qədər yonulmamış daşlar (balballar) isə qəbrin önündə sıra ilə düzülərmiş. Belə daşların hər biri döyüşdə məğlub edilmiş düşməni təmsil edirmiş. Bu daşların qalib döyüşçünün qəbri üstündə düzülməsi ayinindən sonra, həmin daşların sahibləri, yəni məğlub edilmiş düşmənlər, axirət dünyasında əbədi olaraq heykəlin sahibinə - qalib döyüşçüyə qul kimi xidmət etməli imişlər.