XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Yanvar, 2019
Muzeydə “2 fevral – Gənclər günü”nə həsr olunmuş “Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan)” layihəsinin geniş təqdimat tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan)” layihəsinin geniş təqdimat tədbiri keçirilib. Tədbirdə layihənin ideya müəllifi, tərəfdaşları - AMEA Gənc Alim və Mütəxəsislər Şurası, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Memarlıq və İncəsənət İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi (MATM), Qobustan Milli Tarixi-Bədii Qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir Fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyəti İB-nin təmsilçiləri, gənc rəssam, heykəltəraş, fotoqraf və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva qonaqları salamlayıb. Qeyd edib ki, gənclər arasında Bakının şəhər incəsənətinin, xalqımızın tarixini və istedadını təbliğ, incəsənətin inkişafının dəstəklənməsi önəmlidir. Gənclərin yaşadıqları şəhərləri gözəlləşdirmək və bu məqsədli, mütərəqqi ideyalarının təşviq və gələcəkdə tətbiq etmək, “Şəhər incəsənəti” ideyasının və anlayışının gənclər arasında yayılması və genişləndirilməsini vacibdir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin Sərəncam və Fərmanları ilə mədəni siyasətin daha səmərəli həyata keçirilməsinə nail olmaq qarşıya qoyulan vəzifədir. Gənclər də dövlətin və xalqın onlardan gözlədiyi ümidləri doğrultmalıdır. N.Əliyeva bu istiqamətdə həyata keçiriləcək layihənin uğurlu olmasını təmənni edib və iştirakçılara uğurlar arzu edib. Sonra AMEA Gənc Alim və Mütəxəsislər Şurasının sədri Famin Salmanov çıxış edib. Qeyd edib ki, 2 fevral – Gənclər Günü ilə əlaqədar cənab İlham Əliyevin Sərəncamından hərəkətlə gənclərimiz milli tarix və mədəniyyətimizi daha dərindən öyrənməli və təbliğ etməlidirlər. Çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi və üzvü Nərgiz Xələf bildirdi ki, hər bir millətin tarixi onun fəxridir, gənclər də yeni innovativ ideyalarla bu tarixi, xüsusilə keçmişimizi günümüzlə sintez formasında yaymalıdırlar. QHT-lərə Dövlət Dəstəyi Şurası da daim bu cür yenilikçi ideyaları dəstəkləyir və dəstəkləməyə davam edəcək. Daha sonra Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sevinc Nəsirova çıxış etdi. Qeyd etdi ki, dövlətin və MATM-nin rəhbərliyinin dəstəyini muzeyin gənc alimləri daim hiss edirlər. Tarixi mirası gələcək nəsillərə ötürmək və bu istiqamətdə incəsənətdən də istifadə etmək qarşıya qoyulan məqsəddir. Bu baxımdan Muzeydə yaradılan klublar və keçirilən tədbirlər bu qayəyə xidmət edir. Sonra çıxış edən Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli göstərdi ki, universitetdə də Azərbaycan tarixinin, incəsənətinin gənclər arasında təbliği, şəhər mədəniyyətimizin qorunması və daha da gözəlləşdirilməsi üçün aparılan çalışmalar əsas yer tutur. Bu baxımdan bu günkü tədbir də aktualdır. Xəzər Universitetinin Rəssamlıq departamentinin rəhbəri, xalçaçı rəssam Afaq Kərimova da eyni fikri təsdiq edərək, bildirdi ki, tarixi binaların bərpa olunmasında onların gözəlliyinin qorunmasına çalışmaq lazımdır. Bu baxımdan rəssamlara böyük vəzifələr düşür. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi-Ekspozisiya şöbəsinin müdiri və AAC sədri Fərhad Quliyev də çıxış edib, institutda bu istiqamətdə aparılan elmi işlərdən bəhs etdi. Şəhərin maddi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü göstərdi. Çıxış edən Qobustan Milli Bədii-Tarixi Qoruğunun əməkdaşı, rəssam Səidə Musayeva da şəhərin açıq səma altında bir muzey, mədəniyyət mərkəzi olduğundan, Qoruqda bu baxımdan aparılan çalışmalardan danışdı. Azərbaycan arxeologiyasının, tarix və incəsənətinin bu cür tədbir və layihələrlə yayılmasının önəmini bildirdi. Sonda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi və Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin əməkdaşı, layihənin ideya müəllifi Orxan Zamanov müşayiət olunan çıxışda layihənin vəzifə və məqsədləri haqqında geniş məlumat verdi. Layihənin qarşıya qoyduğu vəzifələr “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu Azərbaycan Respublikasında gənclər siyasətinə uyğundur. Layihənin müvafiq incəsənət sahələri üzrə bitərəf və müstəqil münsiflər heyəti tərəfindən seçilən qalibinin mükafatlandırılması, onlara diplom və sertifikatların verilməsi, müsabiqənin nəticəsində qaliblər üçün peşəkar təlimlərin və usta dərslərinin (master klass) keçirilməsi və üçüncü mərhələdə onların vətənimizin tarixi keçmişi ilə bağlı yaradıcı əyani işinin görsəl məkanda təqdimatının təşkili ilə sonlandırılması nəzərdə tutulur. Layihə çərçivəsində müxtəlif səpkidə sərgilərin keçirilməsi və akademik ekskursiyaların təşkili iştirakçıların fəaliyyətini təbliğ etmək və yeni elmi bilikləri yaradıcı auditoriyaya aşılamaq məqsədi daşıyır. Müsabiqənin şərtlərinə gəldikdə qeyd olunub ki, tariximizi yeni nəslə, yeni çalarlarla aşılamaq həvəsində olan hər kəs müsabiqənin iştirakçısı ola bilər. Bu zaman həmin iştirakçı istənilən texnikadan (“conceptual art”, “photo art”, rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət, qraffiti, “video art”, “installation art”, “art performance” və s.) istifadə etməklə öz ideyasını gerçəkləşdirə bilər. Hazırlan işlər həftə içi saat 11:00-17:00 arası aşağıdakı ünvana təhvil verilə bilər: Azərbaycan, Bakı, Məhsəti küçəsi 41 (Xəzər Universitetinin Neftçilər korpusu), Azərbaycan, Bakı, H.Cavid pr., 115 (AMEA Memarlıq və İncəsənət institutu, IV mərtəbə), cityart.azerbaijan@gmail.com,https://www.facebook.com/cityartazerbaijan, instagram: cityart.azerbaijan, Mobil nömrəsi: +994(55) 454 04 75 (Səidə Musayeva) +994(55) 739 88 76 (Pərvanə Əliyeva). İşlərin qəbulu üçün son tarix 2019-ci il martın 11-i, bazar ertəsi saat 17:00-a kimidir. İşləri təhvil verərkən müraciət blankına ad, soyad, təvəllüd, işin adı, ölçüsü, texnikası və konsepsiyası qeyd olunmalıdır. Hər iştirakçı yalnız bir iş təqdim edə bilər. Bu blankı https://drive.google.com/file/ blank ünvanından və ya təhvil verdiyiniz şəxsdən əldə edə bilərsiniz. Müraciət blankı doldurulmadığı halda işiniz müsabiqədə iştirak etməyəcək. Dörd mərhələli layihənin yekunu olaraq qalib iş şəhərin bir guşəsində nümayiş olunacaq. İlk mərhələni keçən iştirakçılara hədiyyə və sertifikatlar, layihənin qalibinə isə xüsusi mükafat, diplom və əsərinin ictimaiyyətə təqdim olunması şansı veriləcək.