XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Fevral, 2019
Muzeyə orta əsr müdafiə yaraqları təqdim edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyi Silahlar və bayraqlar fonduna orta əsr müdafiə yaraqları qəbul edilib. Bunlar XVIII əsr Azərbaycan döyüşçüsünə məxsus qalxan və qolçaq dəstidir. Qalxanın üzərində dörd ədəd yarımdairəvi formada umbon olub, kənarları gül ləçəyi formasında kəsilib. Qalxanın səthi yarım gül ləçəyi formasında qızılla işlənmiş nəbati naxışlarla təsvir olunub. Mərkəzdə günəş təsviri mövcuddur. Qalxanın kənarı metal haşiyə ilə bitir. Üzəri cızma üsullu nəbati naxışlarla işlənib. Astar parçasının üzərində qırmızı rəngli zanbaq gülləri təsvir olunub. Qolçaqların üzəri də cızma üsulu ilə çəkilmiş nəbati naxışlarla, zanbaq gülləri ilə bəzədilib. Kənarlardakı həndəsi xətlərin içərisində nəbati naxışlar qızılla işlənmişdir. Qolçaqların mərkəzi də nəbati naxışla bəzədilib. Qolçaqların içərisindəki astar parçalarının üzərində qırmızı rəngli zanbaq gülləri təsvir olunub. Qolçaqların biləklikləri metal millə bağlanır. Muzeyə təqdim edilən bu müdafiə yaraqları orta əsr Azərbaycan hərb sənətinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.