XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Fevral, 2019
“Arxeo” klubda ilk görüş
AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış “Arxeo” klubun 2019-cu ildə məktəblilərlə ilk görüşü keçirilib. "Arxeo" klubun üzvləri olan H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirlərinin iştirakı ilə keçirilən görüş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sərgi zalında reallaşdırılıb. Görüşdə ilk olaraq "Arxeo" klubun rəhbəri Esmira Rəhimova klub üzvlərinə Azərbaycanın qədim tarixini və zəngin maddi mədəniyyətini əks etdirən maddi mədəniyyət nümunələri haqqında geniş məlumat verib. Klub üzvlərinin maraqla tamaşa etdikləri həmin nümunələr Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış qədim daş dövründən orta əsrlərədək uzun zaman kəsiyini təmsil edən daş, sümük, gil və metal tərkibli əşyalardır. Daha sonra həmin liseyin tarix müəllimi Sevil Nəsibova küp qəbirlər, boyalı qabların bölgə xüsusiyyətləri və qədim bəzək əşyaları haqqında məlumat verib. Görüş zamanı məktəblilərə maraqlı olan nümunələrlə əyani tanış olmaq imkanı da yaradılıb. Qeyd edək ki, “Arxeo” klubun yaradılmasında əsas məqsəd məktəblilərə, gənclərə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi mədəni irsimiz və tarixi abidələrimiz haqda təsəvvürlərini daha da zənginləşdirməkdən ibarətdir.