XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Fevral, 2019
Muzeydə görkəmli mütəfəkkir şair Nəsiminin tablosu qorunur
AMEA Milli Azərbaycan Tarixinin fondlarında klassik Azərbaycan mədəniyyətini və mütəfəkkirlərini əks etdirən bir çox tablolar var. Bunlardan biri də Təsviri materiallar fondunda qorunan “Nəsiminin edamı” tablosudur. Tablonun müəllifi mərhum rəssam Oqtay Sadıqzadədir. O, müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Qeyd edək ki, 2019-cu ildə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı var. Sərəncamda göstərilir ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. Sərəncama əsasən İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd ediləcəkdir.