XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Mart, 2012
Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı təsis edildi

23 dekabr 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatının təsis edilməsi ilə əlaqədar iclas keçirilmişdir. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov iştirakçıları salamladıqdan sonra Milli Azərbaycan Tarixi Muzeyinin ölkənin ictimai-siyasi, elmi və mədəni həyatındakı xüsusi rolunu vurğulayaraq Azərbaycan tarixinin təbliği və tədqiqi sahəsində şərəfli missiya icra etdiyini vurğuladı. O, muzey əməkdaşı, YAP üzvü Pərvanə Əzimovanın Milli Azərbaycan Tarixi Muzeyində YAP-ın ilk ərazi təşkilatının yaradılması ilə əlaqədar təklif irəli sürdüyünü diqqətə çatdıraraq onun bu səyinin təqdirəlayiq addım olduğunu qeyd


etdi. 8 muzey əməkdaşının YAP üzvü olduğunu söyləyən Z.Qaralov, təklifə münasibət bildirmək üçün sözü iclas iştirakçılarına verdi. YAP-nın uğurlu siyasəti haqqında söhbət açan bəzi muzey əməkdaşları partiya təşkilatının yaradılmasına etiraz etmədiklərini və üzv olmaq istəklərini vurğuladılar. İclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilən qərara əsasən Milli Azərbaycan Tarixi Muzeyində YAP-ın ilk ərazi təşkilatı təsis edilərək “Azərbaycan Tarixi Muzeyi” adlandırıldı, muzeyin 8 YAP üzvündən əlavə daha 16 əməkdaş üzvlüyə qəbul edildi, həmçinin idarə heyəti qismində muzey əməkdaşlarından - Pərvanə Əzimova təşkilatın sədri, Günel Əliyeva-Məmmədova sədr müavini seçildilər. 2 mart 2012-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində təşkil edilən YAP-nın növbəti iclasında çıxış edən Səbayel rayon YAP təşkilatının sədr müavini Əhliman Qarayev iştirakçıları salamlayaraq YAP-nın yaranma tarixinə ekskurs etdi, onun respublikamızın ictimai, siyasi, mədəni həyatındakı önəmli rolundan söhbət açdı. O, qeyd edilən partiyaya qəbulun könüllülük əsasında həyata keçirildiyini vurğulayaraq Milli Azərbaycan Tarixi Muzeyində YAP-ın ilk ərazi təşkilatının yaradılmasını müsbət qiymətləndirdi. Daha sonra çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı YAP-nın ilk yaradıcısı olmuş, ümummilli lider Heydər Əliyevin önəmli mövqeyindən söhbət açaraq bu partiyanın ölkə həyatındakı qabaqcıl mövqeyindən danışdı. Hazırkı dövrümüzdə ümummilli liderin uğurlu siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyən N.Vəlixanlı, yeni üzv olmuş muzey əməkdaşlarını təbrik edərək partiyanı mütərəqqi ideyalarının layiqli təmsil etməyi arzuladı. O, xüsusən də muzeydə çalışan gənc alimləri yeni və qabaqcıl qüvvələr olaraq əsl vətəndaşlıq vəzifələrini yerinə yetirməkdə fəallıq göstərməyi məsləhət gördü. İclas Milli Azərbaycan Tarixi Muzeyinin YAP-nın ilk ərazi təşkilatına üzv olmuş muzey əməkdaşlarına üzvlük vəsiqələrinin paylanılması ilə sona çatdı. Aygün Məmmədova AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı