XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Fevral, 2019
Muzeydə görkəmli rəssam İsaak Brodskinin (1884-1939) anadan olmasının 135-ci ildönümünə həsr olunmuş “Bir portretin tarixçəsindən” adlı elmi-seminar keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi və Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Muzeyin “H.Z.Tağıyev” klubunda görkəmli rusiyalı rəssam İsaak Brodskinin (1884-1939) anadan olmasının 135-ci ildönümünə həsr olunmuş “Bir portretin tarixçəsindən” adlı elmi-seminar (rus dilində) keçirilib. Tədbirdə Muzey əməkdaşları, “H.Z.Tağıyev” klubunun, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, Azərbaycan Kazakları İttifaqının üzvləri, KİV nümayəndələri iştirak edib. Tədbiri açan Muzeyin əməkdaşı, t.ü.f.d. Fuad Ağayev iştirakçıları salamlayıb, tədbirin mahiyyəti haqqında qısa məlumat verdi. Sonra Muzeyin Elmi katibi, t.ü.f.d., dosent Fərhad Cabbarov çıxış etdi. Görkəmli xeyriyyəçi H.Z.Tağıyevin maarifçilik fəaliyyətindən, milli qadın təhsilinə yardımından, Rusiya dövləti tərəfindən onun bu fəaliyyətinin qiymətləndirilməsindən bəhs etdi. Həmçinin portretin yaranma tarixçəsi haqqında da danışdı. Bildirdi ki, Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə Bakı şəhər Duması H.Z.A.Tağıyevin portretinin sifariş edilməsi barədə qərar vermişdi. Rəssam İ.Brodski H.Z.Tağıyevlə görüşmüş, 1912-ci ildə xeyriyyəçinin portretini çəkib təhvil vermişdir. Portretdə H.Z.A.Tağıyev təltif edildiyi bütün medal və ordenlər də əks olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav” ordenləri, “Səyinə görə” üç qızıl medal, İranın “Şiri xurşid” ordeni, Buxara Qızıl Ulduzu vardır. Daha sonra Muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyeva portretin bərpası mövzusunda dinləyiciləri məlumatlandırıb. Qeyd edib ki, onun atası bərpaçı-rəssam Fərhad Hacıyev (1929-1987) Azərbaycanın ilk tanınmış bərpaçı-rəssamlarından biridir. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb, bərpaçılıq sənətinin sirlərinə dərindən yiyələnib. F.Hacıyevin yenidən həyata qaytardığı əsərlər sırasında bir məşhur əsər də var. Bu, məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyində nümayiş olunan portretidir. Əsərin müəllifi məşhur rusiyalı rəssam İ.Brodskidir. Sovet hakimiyyəti illərində həmin əsər bir vaxtlar H.Z.Tağıyevin evi olan indiki Milli Azərbaycan Tarixi Muzeyinin zirzəmisində qalmışdı. Çox yerdən zədələnmiş, rəngləri qopmuş, az qala sıradan çıxmışdı. Lakin F.Hacıyev təsadüfən onu tapdıqdan sonra gizlicə özüylə İncəsənət Muzeyindəki bərpa emalatxanasına aparır. Bu, 1959-cu ildə olmuşdu. Onda H.Z.Tağıyev kimi adamların adını belə çəkmək yasaq idi. F.Hacıyev bir ilə portretin bərpasını başa çatdırır, onu yenidən həyata qaytarır və beləliklə, H.Z.Tağıyevin portreti çox sonralar onun öz keçmiş evinə - Muzeyə qayıdır. G.Hacıyeva bildirib ki, əsərin bərpadan öncəki və sonrakı durumunu əks etdirən fotolara baxanda bərpaçı-rəssamın böyük zəhməti açıq-aşkar görünür və buna görə də onu əsərin ikinci müəllifi saya bilərik. Elmi-seminar dinləyicilər tərəfindən maraqla qarşılanıb, iştirakçıların sualları ətraflı cavablandırılıb. Qeyd edək ki, XX əsrin əvvəllərində rəssam İ.Brodskinin yaradıcılığı Azərbaycanla bağlı olmuşdur. Məşhur xeyriyyəçi, mesenat, sahibkar H.Z. Tağıyevin portretini çəkmək kimi məsuliyyətli işin öhdəsindən gələn İ.Brodskinin müəllifi olduğu bu portret hazırda Milli Azərbaycan Tarixi Muzeyində yerləşən H.Z.Tağıyevin xatirə muzeyində nümayış olunur.