XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Fevral, 2019
Muzeydə Xocalı soyqırımına həsr olunmuş "Xocalısız... 27 il" adlı anım tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “26 fevral – Xocalı Soyqırım Günü”nə həsr olunmuş "Xocalısız... 27 il" adlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xocalı təşkilatının sədri Qafar Nəbiyev və birliyin nümayəndələri, Səbail rayonu YAP “Əhməd Cavad 12” ilk ərazi təşkilatının Gənclər Birliyinin sədri Aygül Ağayeva, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, muzey əməkdaşları, tədqiqatçılar, Nizami rayonu 220 saylı tam orta məktəbin və Nərimanov rayonu məktəb-lisey kompleksinin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak ediblər. Tədbirin aparıcısı, Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov öncə iştirakçıları salamladı. Qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd tariximizi gənclərə təbliğ etməkdir. Xocalı faciəsinin kökü 1813-1828-ci illərdə başlayan Rusiya işğalı ilə başlamışdır. Bu dövrdən sonra erməni terroristlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı soyqırım siyasəti başlamışdır. Bu cinayətlərin tarixini daim dünyaya yaymalı, unutmamalı, günahkarların cəzalandırılmasını tələb etməliyik. Daha sonra söz şairə Sevda İbrahimliyə verdi. Çıxış edən şairə bu faciələrdən qurtuluşumuzda Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin rolunu qeyd etdi. Bildirdi ki, dövlət başçımız cənab İ.Əliyevin sayəsində sülh bərqərar olacaq, torpaq bütünlüyümüz bərpa olunacaq. Şairə Xocalı şəhidlərinə həsr olunmuş şeirlərini də səsləndirdi. Sonra söz Səbail rayonu YAP “Əhməd Cavad 12” ilk ərazi təşkilatının Gənclər Birliyinin sədri Aygül Ağayevaya verildi. O, bildirdi ki, Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı faciəsi haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Mütəmadi olaraq xarici ölkələrdə bu mövzuda tədbirlər keçirilir, kitablar nəşr edilir. Dünya ictimaiyyəti bu haqda məlumatlandırılır. Azərbaycan xalqı bu faciəni unutmur və cənab İ.Əliyevin rəhbərliyi ilə inşallah sülhə nail olacağıq. Daha sonra söz Xocalı şəhidinin ailə üzvü Sahibə Şahmuradovaya verildi. Yaşadığı ağır illər haqqında danışan Sahibə xanım Azərbaycan xalqının bu ağır günlərinə son qoyulacağına ümid etdiyini bildirdi və gəncləri tariximizi daha yaxşı öyrənməyə çağırdı. Sonra “Veteran” qəzetinin redaktoru Günel Seyidməmmədova çıxış etdi. O, bildirdi ki, Qarabağda şəhid olan vətənpərvər oğullarımızla fəxr etməliyik. Məhz onlar işğalçılara qarşı mübarizə aparıblar və bu mübarizə davam etməlidir, bu şanlı tarix unudulmamalıdır. Sonra söz 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovaya verildi. O, bildirdi ki, Azərbaycan xalqı 27 ildir ki, bu faciə ilə yaşayır. Ümid edirik ki, bu faciələrə son qoyulacaq. Xalqımız sülhə nail olacaq. Xocalı faciəsinin günahkarları da öz layiqli cəzasını almalıdır. R.Həsrətova “Əlillik qüsur deyil” kitabını Muzeyin direktoru, akademik N.Vəlixanlıya hədiyyə etdi. Kitab Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ümumi rəhbərliyi ilə hazırlanıb. Sonda 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin üzvləri və müəllim Lalə Məhərrəmzadənin bədii rəhbərliyi ilə Nərimanov rayonu məktəb-lisey kompleksinin 8a sinif şagirdləri “Xocalıya ədalət!” bədii kompozisiyasını ifa etdilər.