XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Aprel, 2012
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı, YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatı və “Siyasi Maarifçilik” İctimai Birliyinin üzvləri tərəfindən 31 mart 1918-ci il soyqırımını yad etdilər

29 mart 2012-ci ildə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı,  YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatı və “Siyasi Maarifçilik” İctimai Birliyinin üzvlərinin təşəbbüsü ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirildi.“Azərbaycan” himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü açıq elan edən Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatının sədri Pərvanə Əzimova soyqırımın tarixindən söhbət açaraq ümummilli lider Heydər Əliyevin bu hadisələrlə əlaqədar fərmanlarının önəmindən danışdı.


O, tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xəttinə dəstək verməyə və azərbaycanlıların soyqırımı faktını dünya ictimaiyyətinə çatdırmaqda fəalolmağa dəvət etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov, faciələrimizin gələcək nəsillərə çatdırılmasında qeyd edilən tədbirin önəmindən danışaraq Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatının belə tədbirlərin keçirilməsində fəallıq göstərməsini xüsusi qiymətləndirdi. Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatı üzvlərinin tərtib etdiyi soyqırıma həsr edilmiş elektron slayd nümayiş etdirildikdən sonra məruzələrin dinlənilməsi davam etdirildi. Azərbaycan Tarixi Muzeyinin YAP  ərazi təşkilatının üzvləri - Günel Əliyeva-Məmmədova «Erməni terrorunun izi ilə», Aqil Əhmədov «Azərbaycanlılara qarşı soyqırım hadisələri dünya mətbuatında», Fərahilə Babayeva «1918 il 31 mart Azərbaycan tarixşünaslığında», Aygün Məmmədova «31 mart şəhidlərini xatırlayarkən» adlı  məruzələrində soyqırımın tarixinə nəzər saldılar, onun ictimai-siyasi problemlərini işıqlandırdılar. AMEA Arxeologiya və Etnoqrafiya İnsitutunun elmi işçisi Bədircahan Əmrullah qızı muzey müdiriyyətinə qeyd edilən tədbirin keçirilməsi münasibətilə təşəkkürünü bildirdi və son dövrlərdə aparılmış arxeoloji qazıntıların soyqırım faktı detallarını aşkarlamaqda vacib əhəmiyyətini qeyd edərək iclasda iştirak edən respublikamızın bir sıra ali təhsil ocaqlarının tələbələrinə soyqırımın təbliğatında aktivlik göstərməyi məsləhət bildi.

“Siyasi Maarifçilik” İctimai Birliyinin icra direktoru Araz Məmmədovun rəhbərliyi ilə tərtib edilmiş elektron slaydların müşayiəti ilə çıxış edən Azərbaycan Texniki Universitetinin tələbələri Ayxan Rəhimli, Tural Nemətzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Zəhra Hüseynlinin və ilahiyyatçı-psixoloq Ergin Əliyevin məruzələri dinləyicilərdə dərin marağa və fikir mübadiləsinə səbəb oldu.

Tədbirin sonunda çıxış edən Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatının sədri Pərvanə Əzimova Prezidentimizin uğurlu siyasəti nəticəsində torpaqlarımızın geri qayıdacağına və şəhidlərimizin qanının yerdə qalmayacağına ümidvar olduğunu bildirdi və iştirakçıları muzeyin ekspozisiyasına tamaşa etməyə dəvət etdi.

Növbəti gün isə tədbir iştirakçıları Quba rayonundakı Qudyal çayının sağ sahilində aşkarlanmış 31 mart 1918-ci il soyqırımını əks etdirən kütləvi məzarlığı ziyarət etdilər. Verilən məlumata görə, bu abidə ilk dəfə olaraq 2007-ci ildə təsadüfi aşkar edilmiş və yerli icra orqanlarına xəbər verildikdən sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Qəhrəman Ağayevin rəhbərliyi ilə qeyd edilən ərazidə arxeoloji qazıntılara başlanılmışdır. Aşkarlanan arxeoloji materialların tədqiqi nəticəsində 1918-ci ildə bu ərazidə insanlığa xas olmayan qəddarlıqla çoxsaylı Quba sakinlərinin işgəncə ilə qətlə yetirildiyi sübut edilmişdir.  Hal-hazırda abidənin qorunması məqsədilə kompleks bərpa işlərinin aparılması planlaşdırılmaqdadır.

Məzarlıq barədə təəssüratlarını, onun təbliğatının, soyqırım hadisələrinin əbədiləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinin vacibliyini xatirə  kitabında əks etdirən tədbir üzvləri, Quba şəhərindəki 31 mart abidə kompleksini də ziyarət etdilər.

 Aygün Məmmədova 

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı