XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Mart, 2019
Muzeydə yeni kataloq hazırlanır
AMEA Milli Azərbaycan Tarixi Muzeyində nəşri gözlənilən elmi-kütləvi işlərdən biri də “Azərbaycanın antik dövr keramikası. Oynoxoyalar” adlı kataloqdur. İş Muzeyin Arxeologiya elmi fond şöbəsində yerinə yetirilir. Həmin şöbənin elmi işçisi Laçın Mustafayevin müəllifliyi ilə ərsəyə gətirilən iş, Arxeologiya fondunda qorunan oynoxoyalara həsr olunub. Oynoxoyalar fondda qorunan digər saxsı qablardan uzun novalça şəkilli ağızları ilə fərqlənir. Özünəməxsus formaya malik olan bu qablar Azərbaycanın Qəbələ, Nüydi, Mingəçevir və digər məkanlarındakı arxeoloji abidələrdən tapılıb. Arxeoloji ədəbiyyatda bu qablar əsasən “süddan”, “süddan biçimli”, “süddanvari” kimi adlandırılır. Bu qabların adı, dövrü, təyinatı və digər cəhətləri ilə bağlı zəruri məlumatlar kataloqda öz yerini tapacaq. Bundan əlavə kataloqda Arxeologiya fondunda qorunan bütün oynoxoyaların tapılma məkanı və ili, təsviri, ölçüləri, saxlanma vəziyyətləri, öyrənilmə səviyyələri, dövrü və fotoşəkilləri veriləcək. Hazırda bu qablara aid məlumatların bir daha dəqiqləşdirilməsi, aidiyyatı üzrə elmi ədəbiyyatların toplanılması və ön sözün tərtibi ilə bağlı işlər aparılır.