XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Mart, 2019
Muzeydə “Elm Günü” mövzusunda seminar keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Elm Günü” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan Muzeyin elmi işçisi Ləman Musayeva iştirakçıları salamlayıb. Qeyd edib ki, dövlət başçısının Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı var. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda Elm Günü kimi qeyd edilməsi qərara alınıb və bu, ölkəmizdə elmin inkişafına xüsusi töhfə verib. Daha sonra o, sözü Muzeyin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadova verib. T.ü.f.d. Ə.Fərhadov “XIX-XX əsrin əvvəllərində Azərbaycanda elm və mədəniyyət" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Azərbaycanda elmin ilkin inkişafı zərdüştilik, xristianlıq və islamın Azərbaycanda yayılması dövrlərində görülür. Orta əsr Azərbaycan alimləri və onların xarici ölkələrdə fəaliyyəti haqqında alban və ərəbdilli qaynaqlarda geniş məlumat var. XIX-XX əsrin əvvəllərində çar Rusiyasında olan maarifçilik prosesi Azərbaycana da təsir edir və burada dini təhsillə yanaşı dünyəviliyi də müdafiə edən maarifçilər formalaşır. Dünyəvi təhsil, xüsusilə qadın təhsilinin bu dövrdə H.Z.Tağıyev kimi xeyriyyəçilər tərəfindən dəstəklənməsi, daha sonra AXC dövründə ilk universitet olan Bakı Dövlət Universitetinin açılması Azərbaycanda elmin inkişafında mühüm addımlar idi. Daha sonra Muzeyin elmi işçisi Ləman Musayeva “Azərbaycanda elm və təhsilin inteqrasiyası milli şüur kontekstində” mövzusunda çıxış edib. Sonda Bakı şəhəri 8 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən köməkçi tarixi fənlər mövzusunda bədii hissə təqdim edilib.