XƏBƏRLƏR
21 May, 2019
Muzeydə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının 120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının 120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə tarixçi alimlər, muzey əməkdaşları, Sara Tağıyevanın ailə üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Muzeyin Elmi katibi, t.ü.f.d. dos. Fərhad Cabbarov açaraq, Sara xanım Tağıyevanın həyat yolu, çəkdiyi məhrumiyyətlər və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar haqqında danışıb. Qeyd edib ki, o, 1899-cu ildə, may ayının 20-də atasının mülkündə, Muzeyin indiki binasında anadan olub, sovet hakimiyyətinə qədər burada yaşayıb, buradan da son mənzilə yola salınıb. Məlumdur ki, sovet hakimiyyətinin ilk dövrlərindən etibarən Azərbaycanda sahibkarlara qarşı təqiblər başlanmışdı. Bu hadisələr H.Z.Tağıyevdən də yan keçməmişdir. H.Z.Tağıyevin xeyriyyəçilik əməlləri də nəzərə almayaraq, adı qara siyahıya salınmış, barəsində danışmağa belə qadağalar qoyulmuşdur. Bu qadağalara baxmayaraq, totalitar rejim dövründə Sara Tağıyeva həyatının böyük hissəsini atasının xeyriyəçilik əməllərinin tanıdılmasına həsr etmişdir. Lakin Sara xanım atasının xatirəsini yaşatmaq, onun repressiyaya uğramış ad və nüfuzunu bərpa etmək üçün bir çox məhrumiyyətlərə dözmüş, Tağıyev irsini təbliğ etmiş və sonda buna nail olmuşdur.
Sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, Sara xanımın görkəmli akademik Ziya Bünyadovla görüşlərindən, bu mövzudakı xatirələrindən bəhs etdi. Bildirdi ki, Sara xanım atasının milli, mədəni inkişafımızdakı rolunu üzə çıxartmaq istəyirdi.
“Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva çıxış edib qeyd etdi ki, XIX əsrin sonunda rusdilli “Kaspi” qəzetinin milliləşməsində H.Z.Tağıyevin böyük rolu olub. Görkəmli xeyriyyəçinin “Kaspi” qəzetinin mətbəəsini almasından sonra Əlimərdan bəy Topçubaşovun naşirliyi ilə bu qəzet Qafqaz, hətta Rusiya müsəlmanlarının carçısına çevrilmişdi. Sara xanım atasının məhz bu kimi bu milli, mədəni fəaliyyətlərini ortaya çıxarmaq istəyirdi. S.Vəliyeva Sara xanımın bədii obrazının yaradılmasının vacibliyini də bildirdi.
Tədbirdə tarixçi alim, t.ü.f.d. Firdovsiyyə Əhmədova da çıxış edərək, Sara Tağıyevanın həyatından və onun sovet hakimiyyəti dövründə atası H.Z.Tağıyevə qarşı qeyri-obyektiv fikirlərə, onun ictimai və xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsindən danışdı. Qeyd etdi ki, H.Z.Tağıyevin qızı atasının maarifçilik və milli, mənəvi, mədəni inkişafımızdakı xidmətlərinin SSRİ hakimiyyəti tərəfindən tanınmasını, tədqiq və təbliğ edilməsini tələb edirdi.
Sonra Tağıyev nəslinin yaxınlarından olan Elnur Musazadə çıxış etdi. Sara xanımın vətənə məhəbbətindən, maarifçilik fəaliyyətindən və onun ailəsi haqqında danışdı.
Daha sonra AMEA Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d. Hacı Həsənov çıxış edərək, 1980-ci illərdə Sara xanımla olan xatirələrindən, onun öz atasının adını təmizləmək üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Bildirdi ki, Sara xanımın bu fəaliyyətini, H.Z.Tağıyevin mirasını Azərbaycan xalqı heç vaxt unutmayacaq.
Tədbirdə iştitak edən kinorejissor Ayaz Salayev Sara xanımla olan görüşlərindən, 1988-ci ildə çəkdiyi “Ata” filmindən bəhs etdi. Bildirdi ki, bu gizli çəkilişlərdə Sara xanımdan H.z.Tağıyev və onun mirası haqqında qiymətli fikirlər öyrənilmiş və yaşadılmışdır. O, Sara xanımın yaşadığı bütün məhrumiyyətlərə baxmayaraq, ondakı ruh yüksəkliyini, atasının adının təmizə çıxacağına olan inamını da qeyd etdi.
Sara xanımla görüşlərindən danışan Rəsul Rəxşanlı onun Tağıyev irsini, milli-mədəni mirasımızı üzə çıxartmaqdakı yorulmaz fəaliyyətindən bəhs etdi. Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li orta məktəbin direktor müavini Gülnarə Əzimova da çıxış edərək, bu məktəbin ilk öncə bağbanlıq peşəsinin öyrənilməsi üçün əsasının qoyulmasında H.Z.Tağıyevin rolundan danışdı. Həmçinin S.Tağıyevanın ömür yolundan, acınacaqlı həyatından bəhs etdi.
Daha sonra tarixçi-tədqiqatçı Fuad Axundov çıxış etdi. Sara xanımın atasının irsini yaşatmaq üçün yazdığı əlyazmalardan, onun elmi-fəlsəfi biliyinin dərinliyindən bəhs etdi. Sara xanımın H.Z.Tağıyevin əsasını qoyduğu rus-müsəlman qız məktəbinin məzunları ilə olan əlaqəsindən, bu irsin tədqiq və təbliğindən danışdı.
Sonda S.Tağıyeva haqqında çəkilmiş televiziya filmindən fraqmentlər nümayiş olundu. Muzey nəzdindəki “H.Z.Tağıyev klubu”nun üzvlərinin ifasında Teyyub Qurbanlının “SARA” poeması əsasında səhnəciklər göstərildi. Həmçinin “H.Z.Tağıyev klubunun” üzvlərinə sertifikatlar təqdim olundu və xatirə şəkli çəkildi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...