XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 May, 2019
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. “ROSFOTO” Dövlət sərgi-muzey mərkəzinin təşkilatçılığı ilə, “Muzeydə fotoqrafiya” mövzusunda keçirilən konfransda o, “XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı quberniyası rus fotoqrafların obyektivində (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)” adlı məruzə ilə rus dilində çıxış edib. Məruzənin həmmüəllifi MATM-nin elmi işçisi, t.ü.f.d. Fuad Ağayevdir. E.Dadaşov Muzeyin Neqativ fondu və Sənədli mənbələr fondunda mühafizə olunan fotomateriallar və bu dövrdə Azərbaycanda fəaliyyət göstərən fotoqraflar haqqında ətraflı məlumat verib, foto tədqiqatçılarını maraqlandıran sualları cavablandırıb. Həmçinin konfrans çərçivəsində fotomaterialların mühafizəsi və doğru atributlaşdırılması istiqamətində praktik-seminar keçirilib. Tədbirdə E.Dadaşov tərəfindən “ROSFOTO” Dövlət sərgi-muzey mərkəzinin fondlarında qorunan və XX əsrin əvvəllərində Azərbaycan ərazisində çəkilmiş bəzi fotoşəkillərin məlumatlarında dəyişikliklər edilməsi təklif olunub. “Muzeydə fotoqrafiya” adlı beynəlxalq konfransın məruzələri toplu şəklində (Сборник докладов конференции «Фотография в музее», 21-23 мая 2019 г., Санкт-Петербург, 2019.) çap olunub. Burada Muzey əməkdaşları - E.Dadaşov və t.ü.f.d. F.Ağayevin həmmüəllifi olduğu «Бакинская губерния в объективе русских фотографов конца ХIX – начала XX века. По материалам коллекции Национального музея истории Азербайджана» (стр. 136-139) adlı məruzə yer alıb.