XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 İyun, 2019
Buxara əmirinin H.Z.Tağıyevə hədiyyəsi bərpa olundu
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX əsrin sonuna aid Buxara ustalarının şərq üslubunda mina ilə nəfis işlənmiş yeddi hissədən ibarət gümüş serviz: şərbət qabı, çömçə, aftafa-ləyən, qapaqlı şirniyyat qabı və sini mühafizə olunur. Onlar Muzeyin Bərpa laboratoriyasında bərpaçı-rəssam Vüqar Xudaverdiyev tərəfindən bərpa olunub. Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən milyonçu mesenat H.Z.Tağıyevə dostluq münasibəti ilə xüsusi hədiyyəlik hazırlanmış dəstin hər bir əşyası özünəməxsus naxışlanma və forma ilə seçilir. Üzərində bərpa və konservasiya işləri aparılandan sonra əşyaların üzərindəki qızıllama və minasazlıq üslubunda incə nəbatı naxışlar yenidən tam parlaqlığı ilə üzə çıxdı. Bütün dəst üçün çoxrəngli palitra ilə bərabər qızıllama yerliküzərində qara mina ilə işlənmiş medalyonların kontrastı izlənilir. Aftafa-ləyən də eyni texnika və stildə, zəngin naxışlı rəngarəng çeşidli bitki təsvirləri ilə naxışlanıb. Bərpadan sonra eksponatlar Xüsusi fonda təhvil verilib və Muzeyin yeni ekspozisiyasında nümayiş etdiriləcək.