XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 İyun, 2019
15 iyun – Azərbaycanın Milli Qurtuluş Günüdür
1993-cü il, 15 iyun tarixi Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Parlamentinə sədr seçildiyi gündür. Bu tarixi xalqımız "Milli Qurtuluş Günü" adlandırmışdır. O ərəfədə ölkədə hakimiyyət böhranı yaranmışdı. Özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Ermənistanın torpaqlarımızı işğalı davam edirdi. Ölkəni yaranmış ağır situasiyadan çıxarmaq üçün bir qrup ziyalı Naxçıvana gedərək Heydər Əliyevi Bakıya – hakimiyyətə dəvət etdilər. Xalqımızın mütləq əksəriyyətinin tələbi və təkidi ilə Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də ölkəmizə rəhbərliyə gəlməsi ilə Azərbaycanın həyatında Milli Qurtuluş epopeyası başladı. Müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Nəticədə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Heydər Əliyevin zəhməti və siyasəti nəticəsində hazırda Azərbaycan güclü inkişaf dövrünü yaşamaqdadır. 15 iyun - Milli Qurtuluş Günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur.