XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 İyul, 2019
Muzeydə Həsən bəy Ağayevə məxsus materiallar mühafizə edilir
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevə (1875-1920) aid iki kolleksiya mühafizə edilir. 1995-ci ildə əldə edilən kolleksiya (inv.537) on ədəddən ibarətdir. Bu materiallar daha çox Həsən bəyin tibb təhsili və peşə fəaliyyəti ilə bağlıdır. Bunlar - ona Moskva Dövlət Universitetindən verilən diplom və şəhadətnamə, Gəncədə xəstə uşağı müayinə etdiyi zaman çəkilən fotoşəkildir. Həmçinin onun Gəncə Ədəbiyyat və İncəsənət Kulubunda oxuduğu “Hipnotizim haqqında” məruzəsinin proqramının və öz əli ilə qələmə aldığı “Həkimlərin hüquq və vəzifələrinə dair əsasnamə”nin xüsusi tarixi dəyəri var. 1920-ci il iyulun 19-da Tiflisdə çəkilən sonuncu fotoşəkili də böyük maraq kəsb edir. 2018-ci il iyunun 8-də qəbul edilən ikinci kolleksiya (inv.4534-4545) 12 fotoşəkildən ibarətdir. Kolleksiyada Həsən bəy Ağayevin XX əsrin əvvəlinə və AXC dövrünə aid ictimai-siyasi həyatı əks edilmişdir. Fondda qorunan bu materiallar Həsən bəy Ağayevin həyat və fəaliyyətini, həmçinin Cümhuriyyət dövrünü araşdıran tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.