XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 İyul, 2019
Muzeydə Milli Qəhrəman Mübariz İbrahimova məxsus materiallar qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin, Milli Qəhrəmanların xatirəsi həmişə əziz tutulub, onlara aid eksponatlar qorunur və nümayiş olunur. Belə Milli Qəhrəmanlardan biri də Mübariz İbrahimovdur. Muzeyin Sənədli mənbələr fondunda M.İbrahimova aid materiallar (inv. № 3999-4005) mühafizə olunur. Bu kolleksiyaya 2 ədəd fotoşəkil; 2 ədəd qeyd dəftərçəsi: 1-Xüsusi təyinatlı dəstənin üzvü olaraq xüsusi taktiki hazırlıq qeyd dəftəri (əlyazma), 2-“Əsgərlik həyatı” adlı qeyd dəftəri (yazdığı şeirlər və əl ilə çəkdiyi şəkillər); M.İbrahimova həsr olunmuş iki kitab (Azər Hacıbəyli. “Addım at!” (poema). Bakı, 2016, 156 səh.; Miraslan Bəkirli. “Mübariz” (roman). Bakı, 2015, 304 səh.) daxildir. Qeyd edək ki, gizir Mübariz İbrahimov (1988-2010) həqiqi hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, 5 saat erməni hərbçiləri ilə təkbətək döyüşüb. Onların çox sayda əsgər və zabitini məhv etsə də, özü də qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Həmin il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Muzeydə Mübariz İbrahimov və sair Milli Qəhrəmanlarımızın materiallarının qorunub saxlanması, nümayiş olunması gənc nəsildə vətənpərvərlik duyğularının gücləndirilməsi baxımından əhəmiyyətlidir və bu ideyalar daim təbliğ olunur.