XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Sentyabr, 2019
Muzeydə Ağa Axundova məxsus materiallar qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli mühəndis-elektrik, poliqlot, şamaxılı Ağa Axundovun (1882-1949) fotoşəkilləri və ona məxsus diplom (İnv. № 55/11) qorunub saxlanılır. Diplom Belçikanın Lyec Universiteti tərəfindən 1908-ci ildə A.Axundova təqdim edilmişdir. Ağa Axundov 1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olmuş, görkəmli xeyriyyəçi H.Z.Tağıyevin ilk təqaüdçülərindən biri kimi Lyec Universitetində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləmiş, Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi olmuşdur. Onun orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Cenevrə elmi cəmiyyətinin üzvü, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N.Nərimanovun adını daşıyıb), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, burada özünün yaratdığı energetika fakültəsinin ilk dekanı, Pedaqoji İnstitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) ümumi elektrotexnika kafedrasının müdiri olub. A.Axundov 1938-ci ildə repressiyaya məruz qalmış, Krasnoyarsk düşərgəsinə sürgün edilmişdir. O, sürgündə də yorulmaz alim kimi çalışmış, həmin düşərgənin texniki şöbəsində rəis müavini işləmişdir.