XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Sentyabr, 2019
Muzeyin arxeoloji incisi – maral formalı tunc asma
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda maral formalı tunc asma (AF 1480) qorunur. Son tunc - ilk dəmir dövrünə və Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu asma Xocavənd rayonunun Dolanlar kəndi yaxınlığında yerləşən qədim qəbiristanlıqda qazıntı işləri aparılarkən, yerli sakinlər tərəfindən tapılmışdır. Asma 1933-cü ildə muzeyə təhvil verilmişdir. Asma arxa-arxaya dayanmış iki maralın birləşmiş formasındadır. Maralların buynuzları hər birində beş qövsvari çıxıntısı olan bir cüt mildən ibarətdir. Maralların gözləri oyuq, qulaqları isə kiçik çıxıntı şəklindədir. Gövdənin üst hissəsinə üç ədəd halqavari, altına isə altı ədəd ilgək lehimlənib. Altdakı ilgəklərdən üçündən zəncirlər sallanır. Zəncirlərdən dörd ədədi maralların başlarından, iki ədədi boyunlardakı ilgəklərdən, qalan iki ədədi isə ayaqlardan sallanır. Zəncirlərin aşağı uclarına isə mərkəzdəki kürəşəkilli bəzək istisna olmaqla, qalanlarından zınqırov formalı bəzəklər bağlanıb. Həm kürəşəkilli, həm də zınqırov şəkilli bəzəklər üçbucaq şəbəkəlidir. Muzeydə qorunan bu tunc asma son tunc - ilk dəmir dövrü və Xocalı-Gədəbəy arxeoloji mədəniyyətini tədqiq və təbliğ etmək baxımından əhəmiyyətlidir.