XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Sentyabr, 2019
Rusiyalı qonaqlar muzeydə olublar
Rusiyalı qonaqlar – “ВЕЛЕС Капитал” kompaniyasının direktoru Аleksey Qnedovski, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin əməkdaşı, silahlar üzrə mütəxəssis Yelena Tixomirova və kolleksioner, hərb tarixçisi Dmitriy Kloçkov AMEA Milli Azərbaycan Tarixi Muzeyini (MATM) ziyarət ediblər. Görüşün məqsədi 2020-ci il 29 yanvar - 29 mart tarixlərində Moskva şəhərində - Ümumdünya Tətbiqi-Dekorativ və Xalq İncəsənəti Muzeyində keçiriləcək “İmperiya və Qafqaz” adlı sərgi üçün MATM-nin silah kolleksiyası ilə tanış olmaq olub. Keçiriləcək sərginin əsas istiqamətlərindən biri XIX-XX əsrin əvvəlləri istifadə olunan Qafqaz silahlarıdır. Sərginin təşəbbüskarı “ВЕЛЕС Капитал” kompaniyası və onun direktoru Aleksey Qnedovskidir. Sərginin elmi məsləhətçisi Yelena Tixomirovadır. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşən qonaqlar keçiriləcək sərgi haqqında məlumat veriblər və Muzeyin silah kolleksiyası tanış olmaq istədiklərini bildiriblər. Nailə xanım keçiriləcək sərginin əhəmiyyətini vurğulayıb, muzeydə qorunan tarixi silahlar haqqında məlumat verib. Həmçinin qeyd edib ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina 1895-1901-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Muzeyin həm də AMEA strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini və muzey binasının Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə yenidən təmir olunduğunu da nəzərə çatdırıb. Muzeyin 100 illiyinin 2020-ci ildə keçiriləcəyini qonaqlara çatdırıb. Qonaqlar H.Z.Tağıyevin xatirə muzeyini ziyarət ediblər. Buradakı məişət əşyaları və tarixi sənədlər onlarda zəngin təəssürat yaradıb. Sonra rusiyalı qonaqlar muzeyin Silahlar və bayraqlar fondunun materialları ilə tanış olublar. Onlara muzeyin silahlar və bayraqlar kolleksiyası haqqında geniş məlumat verilib. Qonaqlar ziyarətdən məmnun qaldıqlarını bildirib, Azərbaycan və Rusiya arasındakı tarixi, elmi-mədəni əlaqələrin davamını arzu ediblər. Sonda qarşılıqlı olaraq qonaqlar və akademik Nailə Vəlixanlı bir-birlərinə nəfis tərtibatlı kitablar hədiyyə ediblər.