XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Sentyabr, 2019
Muzeyin numizmatik incisi - gümüş heksoqram
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan maraqlı numizmatik tapıntılardan biri Bizans gümüş heksoqramıdır (İnv. № 921). O 1966-cı ildə Gədəbəy rayonunun Keşişkənd kəndində aşkarlanmışdır. Respublikamızın ərazisində Bizans imperatoru I İrakli (575-641) dövrünə aid müxtəlif tipli belə gümüş heksoqramların sasani və ərəb-sasani sikkələri ilə birgə aşkarlanması, uyğun dövrdə belə sikkələrin pul dövriyyəsində birgə istifadə edildiyini göstərir. Həmçinin Cənubi Qafqaz uğrunda İran-Bizans maraqlarını büruzə verir. İki əsrdən artıq müddətdə pul dövriyyəsində istifadə edilən və zərbində daha çox əyar və çəkisinə diqqət yetirilən ağırçəkili belə heksoqramların ilkin zərbində üst tərəfinə təqlidi fiqurlar - İrakli və oğlu İrakli Konstantin (612-641), ətrafına imperator və oğlunun adları həkk edilirdi. Arxa tərəfinə isə üç pillə üzərində top və xaç işarəsi, ətrafına isə Roma ordusunu ruhlandıran ifadələr zərb edilmişdir.