XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Sentyabr, 2019
Muzeyin arxeoloji incisi – üçayaqlı qab
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda boz rəngli, üzəri cilalı, üçayaqlı qab (İnv. № 24239) qorunur. E.ə. I minilliyin II yarısına aiddir. 1992-ci ildə Füzuli rayonunda təsadüfən tapılıb, 2008-ci ildə muzeyə təhvil verilib. Sferik gövdəli, nisbətən hündür boğazlı qabın ağzının kənarları xaricə açılır. Qabın ağzının kənarı ilə gövdəsinə üç tərəfdən qulplar birləşdirilmişdir. Qulpların qab ağzına yaxın olan yerlərinin üzərində xaricə burulmuş lentləri vardır. Qulpların gövdəyə yaxın yerləri dirsəkvari hazırlanmış və üzərinə çıxıntı şəklində yapma lentlər əlavə edilmişdir. Qabın boğazından çiyinlərinə qədər olan dərin cilalama ilə horizontal xətlərlə əhatələnmişdir. Gövdəsi şaquli çıxıntılarla (kanelyur) bəzədilmişdir. Qabın altı düz olsa da, konusşəkilli kiçik ayaqlarla təchiz edilmişdir. Muzeyin fondunda mühafizə edilən bu qab Azərbaycanın arxeoloji irsinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.