XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Sentyabr, 2019
Muzeydə Mənsur Mirzə Qacara aid nadir əşyalar mühafizə olunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda Qacar nəslindən olan Mənsur Mirzə Qacara (1869-1931) aid nadir əşyalar qorunur. 1940-cı ildə ona aid əşya və sənədlər Mənsur Mirzə Qacarın ögey bacısı Məliksima xanım tərəfindən muzeyə təhvil verilmişdir. Fondda Mənsur Mirzə Qacarın dörd yubiley medalı qorunur. Onlardan biri general-feldmarşal, qraf Minix polkunun 13-cü Draqun Hərbi Ordeninin 200 illiyinə həsr olunmuş Xatirə nişanıdır (İnv. № 1068). Oval formada olan gümüş nişan iki sarı və üç qara rəngli Georgi lentini təsvir edən mina ilə haşiyələnib və Georgi xaçına bərkidilmiş bant da var. Yuxarıda imperator tacı və onun altında “ПI” inisialı, aşağıda isə Georgi lentinin üzərində solda “1709”, sağda “1909” təsvir olunub. Nişanın mərkəzində, yuxarısında imperator tacı olan dairəvi çərçivənin içində qabarıq şəkildə “Н II Е” inisialları yazılıb. Bu təsvir bütövlüklə günəş şüası saçan qızılı romba daxildir. Nişanın arxa tərəfində iki qayka ilə bərkidilmə, aşağıda lentlərin ucunda №110, sağ tərəfdə düzbucaq qalxanın üzərində, üstündə “ДО” yazılmış möhür, solda oval qalxanın içində (A), metalın əyarı həkk olunub. Mənsur Mirzə, Qacar şahzadəsi Bəhmən Mirzənin və görkəmli Azərbaycan mütəfəkkiri M.F.Axundzadənin nəvəsidir. Rus-yapon və Birinci dünya müharibələrində iştirak edib.