XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Sentyabr, 2019
Milli Azərbaycan Tarixi Muzeyi 100 illik yubileyinə hazırlaşır
Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə baş tutacaq 100 illik yubileyi ilə əlaqədar muzeydə əsaslı təmir-bərpa işləri görülür. 1895-1897-ci illərdə polyak memarı İ.Qoslavskinin layihəsi əsasında inşa edilən, şəhərin memarlıq incilərindən biri sayılan H.Z.Tağıyev sarayının (Milli Azərbaycan Tarixi Muzeyi) bir hissəsində təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir. Hal-hazırda H.Z.Tağıyevin 8 otaqdan ibarət xatirə muzeyində bərpa işləri görülür. Qeyd edək ki, təmir zamanı bina heç bir dəyişiklik olmadan əvvəlki görkəmində restavrasiya olunur. Möhtəşəm Şərq zalında qədim şərq ənənələrini özündə əks etdirən naxışlar və ərəb dilində yazıların restavrasiya işləri görülür. Qeyd edək ki, zalın tərtibatında səkkiz kiloqrama yaxın qızıldan istifadə olunub. Aynalar, şüşələr və 13 minə yaxın büllur detaldan ibarət latun çilçıraq Venesiyada hazırlanmışdı. Şərq zalında tarixi əhəmiyyətli H.Z.Tağıyev dövründən qalma möhtəşəm çilçıraq muzeyin bərpaçı-rəssamı Şahverdiyev Ərəstun və dizayner-rəssam Xudaverdiyev Vüqar tərəfindən restavrasiya olunub. Çılçırağın 40-a yaxın zədələnmiş büllur detalı bərpa edilmiş, metal detalları isə xüsusi məhlulla təmizlənərək yığılıb - montaj edilmişdir. 2020-ci ildə muzey təmir-bərpadan sonra yeni ekspozisiyası ilə öz ziyarətçilərini sevindirəcək.