XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Noyabr, 2019
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qabları restavrasiya olunur
Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji kolleksiyasının çoxsaylı nümunələri arasında saxsı qabların xüsusi payı vardır. Ulu əcdadlarımızın böyük zəhmət hesabına ərsəyə gətirdikləri həmin qablar uzun əsrlər boyu torpağın dərin qatları arasında sıxılmış vəziyyətdə qalaraq zamanımıza qədər gəlib çatmışdır. Həmin qablardan biri 2015-ci ildə arxeoloq Xəqani Alməmmədov tərəfindən İsmayılbəytəpə abidəsindən (Ağdam r-nu) tapılmış e.ə. VI minilliyə aid təsərrüfat küpüdür. Bu qab təbii proseslərin təsirindən aşınmaya məruz qalmış, dağılmaq dərəcəsinə çatmışdır. Hazırda Bərpa laboratoriyasında restavrasiya proseslərinə cəlb olunmuşdur. Restavrasiya proseslərinə cəlb olunmuş qablardan biri də mərhum arxeoloqumuz Saleh Qazıyev tərəfindən Mingəçevir abidəsindən tapılmış boz rəngli küpdür. Erkən dəmir dövrünə (e.ə. I minilliyin əvvəllərinə) aid bu küp nəfis şəkildə hazırlanmış səthi cızma xətlərlə naxışlanmışdır. Əsasən qida məhsullarının saxlanması və daşınması məqsədilə istifadə olunmuş bu qab da hissələrə parçalanaraq bölünmüşdür. Azərbaycanın zəngin maddi mədəniyyətinin bir hissəsi olan bu eksponatlara hazırda Muzeyin Bərpa laboratoriyası tərəfindən ikinci həyat verilir. Muzeyin təcrübəli bərpaçı-rəssamı Ərəstun Şahverdiyev küp qabları bərpa və konservasiya edir.