XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Noyabr, 2019
“Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub. Konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə reallaşıb. Tədbirin açılışında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, incəsənət xadimləri, muzey əməkdaşları, əcnəbi qonaqlar və KİV nümayəndələri iştirak ediblər. Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bildirib ki, konfrans muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda, Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmasının ildönümünə təsadüf edir. Qeyd edib ki, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Taylanddan olan mütəxəssislərin iştirak etdiyi konfransda 39 məruzə dinləniləcək: Çıxışlar rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək". Mədəniyyət nazirinin müavini Vaqif Əliyev isə konfransın xalqımız üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Belə bir konfransın təşkili və çoxlu alimin, tədqiqatçının burada iştirakı milli sərvətimiz olan xalçalara, milli-mənəvi tariximizə olan maraqdan doğur. Çünki xalça Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət tarixən qorunub nəsildən-nəslə ötürülüb. Hesab edirəm ki, xalça bizim tariximizin təcəssümüdür. Bu gün də biz hər bir xalçaya baxarkən qədim insanlarımızın yaşayış tərzi, həyat fəlsəfəsi ilə tanış ola bilərik”. Daha sonra Azərbaycan Milli Xalça Muzeyinin Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində latviyalı modelyer Evita Smanuhinanın “Frozen Dreams” adlı moda nümayişi təqdim olunub. Moda nümayişindən sonra qonaqlar özbək ipək toxuculuq texnologiyasına həsr edilən “İpək hekayətlər” sərgisi ilə tanış olublar. Sərgi “ikat” istehsalının bütün mərhələlərini əks etdirir. Ekspozisiyanın mühüm hissəsini qədim “ikat”, ənənəvi geyimlər, süzanə, interyer tikmələrin növləri, xovlu xalçalar, milli geyim nümunələri təşkil edir. Qeyd edək ki, konfrans noyabrın 17-dək davam edəcək.